Fevralın 15-də Türkiyə Superliqasının XXII turunun növbəti matçında “Fənərbağça” səfərdə “Ankaragücü”nün qonağı olub.
NUHÇIXAN xəbər verir ki, qarşılaşmada hesabı 13-cü dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Saba Lobzanidze açıb.
Görüşün 75-ci dəqiqəsində “Ankaragücü”nün hücumçusu Gerson Rodrigez hesab arasındakı fərqi artırıb. Görüşün son dəqiqələrində İstanbul təmsilçisinin müdafiəçisi Sərdar Əziz buraxılan qollardan birinin əvəzini çıxsa da, komandası məğlubiyyətdən xilas ola bilməyib – 1:2.
Günün digər matçlarında “Kayserispor” səfərdə “Denizlispor”a minimal hesabla qalib gəlib -1:0. “Konyaspor” isə öz meydanda “Göztəpə”yə 1:3 hesabı ilə uduzub.
Turun digər görüşləri fevralın 16 və 17-də keçiriləcək.
Hazırda Türkiyə çempionatında turnir cədvəlinə 43 xalla “Başakşəhər” klubu başçılıq edir. “Sivasspor” 42 xalla ikinci pillədədir. İlk üçlüyü rəqiblərindən iki oyun az keçirən “Trabzonspor” (41 xal) tamamlayır. Sonrakı yerlərdə “Alanyaspor” (39 xal), “Qalatasaray” (39 xal), “Fənərbağça” (38 xal) və “Beşiktaş” (36 xal) qərarlaşıblar.