Dünya çempionatı: beşinci günün son oyununa Tunis və İngiltərə yığmaları çıxıblar - FOTOLAR
Futbol üzrə dünya çempionatının beşinci günündə “G” qrupun birinci turunun son oyunu oynanılır. Bu qrupda yer alan Tunis və İngiltərə yığmaları qarşılaşırlar.
NUHÇIXAN xəbər verir, “Volqoqrad Arena”da keçirilən matçı kolumbiyalı Vilmar Roldan idarə edir.
Tunisin start heyətində Moez Xasen, Dilan Bron, Siam Ben-Yusef, Əli Malul, Yasin Meriya, Elyes Sxiri, Anis Badri, Fercani Sasi, Vaxbi Xəzri, Naim Sliti, Fəxrəddin Ben-Yusef meydana çıxıblar. Komandanın baş məşqçisi Nəbil Maluldur.
İngiltərə yığmasının ilk onbirliyində isə Cordan Pikford, Con Stounz, Xarri Maquayer, Kayl Volker, Eşli Yanq, Cesi Linqard, Cordan Xendersson, Deli Alli, Kiran Trepyer, Rəhim Sterlinq, Hari Keyn yer alıblar. İngiltərə millisinin məşqçisi Qaret Sautqeytdir.
Oyun İdman Azərbaycan kanalında və İctimai Televiziyada birbaşa yayımlanır.
Qeyd edək ki, bu komandalar dünya çempionatlarında bir dəfə qarşılaşıblar. 1998-ci ildə Fransada keçirilən qrup matçında ingilislər 2:0 hesabı ilə qalib gəliblər.
İndiyədək 14 dəfə mundiallarda iştirak edən “dumanlı albion” təmsilçisi 1966-cı ildə ev sahibliyi etdiyi səkkizinci dünya çempionatının finalında Almaniya yığmasına 4:2 hesabı ilə qalib gələrək çempion olub. Xatırladaq ki, həmin görüşdə hesab 2:2 olarkən azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun rəyi əsasında baş hakim ingilislərin hücumçusu Herstin qolunun qeydə alınması barədə qərar qəbul edib. Bu qoldan sonra bir dəfə də fərqlənən İngiltərə yığması tarixində ilk və yeganə çempionluğuna nail olub.
İngiltərə yığması mundialda yeganə komandadır ki, heyətindəki futbolçuların hamısı ölkə çempionatında – Premyer Liqada çıxış edir.
1978-ci ildə dünya çempionatında debüt edən Tunis millisi mundiallarda ilk qələbəsini elə həmin il qazanıb. Meksika üzərində 3:1 hesablı qələbə qazanan Tunis dünya çempionatlarında bir oyunda qalib gələn ilk Afrika ölkəsi olub. Tunis 1998-ci, 2002-ci və 2006-cı illərdə mundiallarda yer alsa da, mübarizəni qrup mərhələlərində dayandırıb.
Xatırladaq ki, İngiltərə və Tunis milli komandalarının yer aldığı “G” qrupunun birinci oyununda Belçika millisi Panama yığmasını 3:0 hesabı ilə məğlub edib.