İyunun 19-da - Rusiyada keçirilən futbol üzrə dünya çempionatının altıncı günündə üç oyun keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, gün ərzində “H” qrupunda iki oyunda Kolumbiya-Yaponiya və Polşa-Seneqal üz-üzə gələcəklər. Günün sonuncu oyununda mundialın “A” qrupunda yer alan ev sahibi Rusiya Misir yığması ilə qarşılaşacaq. Rusiya-Misir oyunu mundiüalın ikinci turunun ilk oyunu olacaq. “A” qrupunun birinci turunda Rusiya Səudiyyə Ərəbistanı (5:0), Uruqvay isə Misir yığmasını məğlub edib (1:0).
Günün ilk oyunu Bakı vaxtı ilə saat 16:00-da “H” qrupunda yer alan Kolumbiya və Yaponiya arasında baş tutacaq. Görüş “Mordoviya Arena”da oynanılacaq.
Bu komandaların ilk görüşü 2014-ci ildə Braziliyada keçirilən mundialda baş tutub. “C” qrupunda mübarizə aparan hər iki komandanın görüşü 4:1 hesabı ilə kolumbiyalıların qələbəsi ilə başa çatıb. Kolumbiya millisi dünya çempionatlarında indiyədək altı dəfə oynamaq hüququ qazanıblar. Bu komandanın çempionatlarda ən yaxşı göstəricisi sonuncu dünya çempionatına təsadüf edir. Komanda 2014-ci ildə Braziliyada keçirilən mundialda dörddəbir final mərhələsinə vəsiqə qazanıb. Həmin mərhələdə ev sahibi Braziliya millisinə 2:1 hesabı ilə məğlub olaraq mübarizəsini dayandırıb. Kolumbiyalıların mundiallarda debütü 1962-cı ildə olub. Kolumbiya milli komandasının tarixində ən çox qol vuran oyunçu 66 oyunda 26 qolla Radamel Falkaodur. İsveç yığmasında ən çox oyun keçirən oyunçu isə FİFA-nın 20-ci əsrin 100 ən əfsanəvi futbolçular siyahısına daxil olan qapıçı Karlos Valderamadır (111 oyun).
Yaponiya yığması bundan əvvəl üç dəfə mundialda çıxış etmək hüququ qazanıb. Yaponiyalıların mundiallarda ən yaxşı göstəricisi 2002-cı ildə Yaponiya və Ş.Koreya arasındakı oyuna təsadüf edib. Yaponiyalılar həmin vaxt qrup birincisi kimi səkkizdəbir finala yüksəliblər. Komanda səkkizdəbir finalda Türkiyə millisinə məğlub olub. Həmin oyunda Ümüd Davala fərqlənərək yaponiyalıların mübarizəsini dayandırıb.
Günün ikinci oyunu saat 19:00-da Moskvadakı “Spartak” stadionunda başlayacaq. Mundialın birinci turuna yekun vuran oyunda Polşa və Seneqal milliləri ilə qarşılaşacaq.
Polşa millisi yeddi dəfə mundialda iştirak hüququ qazanıb. Polşalılar dünya çempionatlarının ikiqat bürünc mükafatçılarıdırlar (1974, 1982). Polşa millisinin əsas qol silahı sayılan Robert Levandovskiy 91 qolla ən çox fərqlənən oyunçu kimi milli komandanın tarixinə düşüb.
Seneqal millisinin debüt çıxışı 2002-ci ildə Yaponiya və Cənubi Koreyanın birlikdə ev sahibliyi etdikləri mundialda olub. Həmçinin ən yüksək nəticələri də bu mundialda baş tutub. Dörddəbir final mərhələsinə kimi yüksələn Seneqal yığması həmin mərhələdə oyuna əlavə olunmuş dəqiqələrdə buraxdığı qolla Türkiyə millisinə məğlub olub.
Bakı vaxtı ilə saat 22:00-da başlayacaq üçüncü qarşılaşma Sankt-Peterburq şəhərindəki “Sankt-Peterburq Arena”da oynanılacaq. İkinci turun ilk oyununda ev sahibi Rusiya Misir millisi ilə üz-üzə gələcək.
Rusiya millisi dünya çempionatlarının final mərhələsində 1994-cü, 2002-ci və 2014-cü illərdə çıxış edib. Rusiyalılar dünya çempionatlarında sonuncu qələbəsini 2002-ci ildə Tunis üzərində qazanıblar - 2:0.
Misir yığması isə 1934-cü və 1990-cı illərdəki mundiallardan sonra üçüncü dəfədir dünya çempionatlarında iştirak hüququ qazanıb.
Qeyd edək ki, Kolumbiya–Yaponiya oyunu saat 16:00-da İdman Azərbaycan və İctimai Televiziya birbaşa yayımlanacaq. Polşa-Seneqal qarşılaşması isə saat 19:00-da İdman Azərbaycan kanalında canlı yayımlanacaq. Günün sonuncu oyunu azərbaycanlı futbolsevərlər üçün saat 22:00-da yayımlanacaq. Rusiya-Misir oyunu İctimai Televiziya və İdman Azərbaycan kanallarında nümayiş olunacaq.