“Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi və Formula 1 üzrə altıqat dünya çempionu Luis Hamilton “Laureus” Dünya İdman Akademiyası tərəfindən 2019-cu ilin ən yaxşı idmançıları mükafatına layiq görülüblər. Qaliblərin mükafatlandırılması mərasimi Berlində keçirilib.
NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, Messi 2018-2019-cu il mövsümündə “Barselona”nın heyətində 36 dəfə fərqlənərək İspaniya çempionatının qalibi olub. O, həmçinin 12 qolla UEFA Çempionlar Liqasının ən məhsuldar futbolçusu seçilib. Ümumilikdə ötən mövsüm klub turnirlərində 51 dəfə fərqlənən Messi yekunda “Qızıl buts” mükafatına layiq görülmüşdü. Otuz iki yaşlı hücumçu Argentina yığması ilə birlikdə Amerika Kubokunda üçüncü yeri tutub. L.Messi 2019-cu ildə, həmçinin “Qızıl top” mükafatına da sahib olub.
Luis Hamilton karyerasında altıncı, ardıcıl isə beş dəfə Formula 1 üzrə dünya çempionatının qalibi adını qazanıb.
Amerika gimnastı Simona Baylz da ilin ən yaxşı idmançısı seçilib. O, dünya çempionatında beş qızıl medal qazanıb.
“Laureus” mükafatları 1999-cu ildə bir neçə beynəlxalq fond tərəfindən təsis edilib. İlk mərhələdə namizədlər idman mətbuatı tərəfindən müəyyənləşdirilir. Daha sonra akademiyanın sabiq idmançılardan ibarət 50 nəfərlik heyəti onların arasından qalibləri seçir.