Futzal üzrə Azərbaycan Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Ölkə kubokunda ilk dəfə olaraq muxtar respublika təmsilçiləri də mübarizə aparıblar.
NUHÇIXAN xəbər verir ki, “Olimpik Star” İdman Kompleksində keçirilən oyunda əvvəlcə “Badamlı” komandası meydanda olub. Təmsilçimiz ilk oyunda “Forza Neftçi”ni 5-2 hesabı ilə üstələyib. İlk oyunda inamlı qələbə qazanan “Badamlı” cavab matçında rəqibin qapısından 7 top keçirtməyi bacarıb. “Forza Neftçi” isə bu qollardan 3-nün əvəzini çıxa bilib. Beləliklə 7-3 hesablı qələbə qazanan komandamız adını 1/8 final mərhələsinə yazdırıb. Komandamızın rəqibi yüksək liqa təmsilçisi “Neftçi İK” olacaq.
Turnirdəki digər təmsilçimiz “Nəqşicahan Holdinq” isə ilk oyunda “Bakı TFK” ilə qarşılaşıb. Görüş 1-1 hesablı bərabərliklə başa çatıb. Cavab matçında gözəl oyun nümayiş etdirən komandamız rəqibi 5-1 hesabı ilə üstəliyərək növbəti mərhələyə yüksəlib. Rəqib isə birinci liqa təmsilçisi “Baku Fans” olacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 11 və 12-də, cavab qarşılaşmaları isə martın 18 və 19-da keçiriləcək.
Elvin Quliyev