Dünyanın ən böyük sərgilərindən biri olacaq “Dubai-Expo 2020”nin səfiri seçilmiş Lionel Messi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müxtəlif yerlərindən gəlmiş uşaqlarla görüşüb. Bu məktəblilər sərgi çərçivəsində keçirilən təhsil proqramı üzrə müsabiqənin qalibləridir.
NUHÇIXAN “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, “Dubai-Expo 2020” şəhərciyindəki “Əl Vəsl Plaza” memarlıq incisində keçirilən görüşdə dünya futbolunun superulduzu məktəblilərə və onların müəllimlərinə avtoqraf verib, habelə özünün futbol karyerasını əks etdirən suvenirlər, futbol ayaqqabıları, köynəklər hədiyyə edib. O, cari il oktyabrın 20-də açılacaq sərginin maskotları - Rəşid və Lətifənin də iştirakı ilə uşaqlarla xatirə şəkili də çəkdirib.
Lionel Messi deyib: “Mən bir çox innovasiyaların, canlı şouların, mədəniyyət və incəsənət nümunələrinin təqdim ediləcəyi “Dubai-Expo 2020” sərgisinin keçiriləcəyi “Dubai-Expo 2020” məkanında gələcəyin idman ulduzları ola biləcək məktəblilərlə görüşdən çox məmnunam. Bu möhtəşəm tədbirin təşkilat komitəsi ilə əməkdaşlığa sevinirəm. Hər kəs kimi, mən də oktyabrda 190 ölkənin iştirak edəcəyi sərginin açılacağı günü səbirsizliklə gözləyirəm”.