Almaniyanın “Borussiya Dortmund” futbol klubunun gənc norveçli hücumçusu Erlinq Holland bir neçə rekord müəyyənləşdirib.
NUHÇIXAN xəbər verir ki, 20 yaşlı hücumçu UEFA Çempionlar Liqasında keçirdiyi birinci mövsümündə 10 qol vurmağı bacarıb. Norveçli hücumçu cari mövsümdə Avstriyanın “Zaltsburq” və “Borussiya Dortmund” komandalarının heyətində keçirdiyi 29 oyunda 39 qolla yadda qalıb. O, bu oyunlarda 6 dəfə het-trik edib.
Yanvar ayında Dortmund təmsilçisinə transfer olunan E.Holland cəmi 450 dəqiqədə 11 qol vurub. O, hər 41 dəqiqədə bir qol vuraraq rekord bir nəticəyə imza atıb.
İlk qolunu təxminən 20 metr məsafədən vuran E.Holland, UEFA Çempionlar Liqasında 7 matçda 10 qol vuraraq çempionat tarixində 20 yaşadək futbolçular arasında bunu bacaran birinci oyunçu olub. Bu nəticəni nə “Paris Sen-Jermen”nin hücumçusu Kilian Mbappe, nə də futbol tarixinin ən yaxşı futbolçuları olan Lionel Messi və Kriştiano Ronaldo bacarmayıblar.
Xatırladaq ki, E.Holland yanvar ayında Almaniya çempionatında ən yaxşı futbolçu seçilib.