Fevralın 22-də “Çelsi” – “Tottenhem” oyunu ilə İngiltərə Premyer Liqasının 27-ci turuna start verilib.
NUHÇIXAN xəbər verir ki, London derbisi meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 14-cü dəqiqədə “Çelsi”nin fransalı hücumçusu Olivye Jiru açıb. Fasilədən sonra Frenk Lampardın yetirmələri hesab arasındakı fərqi iki topa çatdırıblar. Markos Alonso komanda yoldaşı Ros Barklinin ötürməsini dəqiq zərbə ilə tamamlayıb – 2:0.
Lakin qonaqlar matçın son dəqiqələrində təsəlli qolunu vura biliblər. Görüşün 89-ci dəqiqəsində Erik Lamelanın cinah ötürməsindən sonra top “Çelsi”nin müdafiəçisi Antonio Rudigerin ayağına toxunaraq qapıdan keçib.
Beləliklə, “Çelsi” dörd oyundan sonra qələbə qazanıb. “Tottenhem” isə yeddi oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirə bilməyib.
Bu qələbədən sonra “Çelsi” 44 xalla turnir cədvəlində dördüncü, “Tottenhem” isə 40 xalla beşinci yerdə qərarlaşıblar.
Turun digər oyunları bu gün və fevralın 23-də keçiriləcək.