Karateçilərimiz fevralın 28-dən martın 1-dək Avstriyanın Zalsburq şəhərində Karate1 Premyer Liqa turnirində mübarizə aparacaqlar.
Azərbaycan Milli Karate Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, yarışa federasiyanın prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi 14 idmançıdan ibarət heyət yola düşür. Kumite yarışlarında idmançıları, həmçinin baş məşqçilər Bahəddin Kandaz (kişilər) və Denis Morozov (qadınlar), eləcə də böyük məşqçi Şahin Xudaverdiyev müşayiət edirlər. Premyer Liqa turnirində kumite yarışlarında kişilər arasında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (84 kq), Şahin Atamov, Asiman Qurbanlı (+84 kq) mübarizə aparacaqlar. Qadınların yarışlarında Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) güclərini sınayacaqlar.
Kata yarışlarına isə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə yalnız Roman Heydərov qatılacaq.
Zalsburq Premyer Liqasını idarə edən referilər arasında beynəlxalq hakim Cahangir Babayev da olacaq. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 88 ölkədən 625 karateçi iştirak edəcək. Turnir karateçilərə dünya və Olimpiya reytinqi xalları qazandıracaq.
Xatırladaq ki, İrina Zaretska fevralın 14-16-da Dubayda keçirilmiş Karate1 Premyer Liqa turnirində Tokio Olinpiadasına lisenziyanı vaxtından əvvəl təmin edib. Rafael Ağayevin Yay Olimpiya Oyunlarına vəsiqə qazanması üçün isə mötəbər yarışın Zalsburq mərhələsində üç qələbə kifayət edir.