Fevralın 28-də Türkiyə Superliqasının XIX turunun açılış matçında “Beşiktaş” səfərdə “Alanyaspor”un qonağı olub.
NUHÇIXAN xəbər verir ki, görüşə meydan sahibləri fəal başlayıblar. Matçın 37-ci dəqiqəsində Junior Fernandes hesabı açıb. Lakin qonaqlar 70-ci dəqiqədə Burak Yılmazın qolu sayəsində hesaba tarazlıq gətiriblər. Qarşılaşmanın 87-ci dəqiqəsində B.Yılmaz on bir metrlik cərimə zərbəsindən vurduğu qolla komandasına qələbə qazandırıb.
XIX turun digər matçları aşağıdakılardır:
“Konyaspor”-“Kasımpaşa”, “Trabzonspor”-“Rizəspor”, “Antalyaspor”-“Fənərbağça”, “Dənizlispor”-“Yeni Malatyaspor”, “Ankaragücü”-“Sivasspor”, “Qalatasaray”-“Gənclərbirliyi”, “Başakşəhər” – “Qaziantep” və “Kayserispor”-“Göztəpə”.
Qeyd edək ki, Türkiyə çempionatında hazırda turnir cədvəlinə 46 xalla “Başakşəhər” klubu liderlik edir. “Trabzonspor”, “Qalatasaray” və “Sivasspor” klubları 45 xalla müvafiq olaraq ikinci, üçüncü və dördüncü pillələrdə qərarlaşıblar.