Muxtar respublikamızda idman mütəxəssisləri və idmançıların hazırlanması ilə bağlı qarşıda mühüm vəzifələr durur - FOTOLAR

A- A A+

Görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizə ikinci dəfə rəhbərliyə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, fiziki tərbiyə sahəsində də həyata keçirilən tədbirlər yeni forma və məzmun kəsb etməyə başladı, belə tədbirlərin reallaşdırılması, davamlı xarakter alması günün zərurətinə çevrildi. Yeni idman obyektlərinin istifadəyə verilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi, bacarıqlı idmançıların üzə çıxarılaraq düzgün istiqamətləndirilməsi, müxtəlif yarışlarda onların iştirakının təmin edilməsi diqqətdə saxlanıldı. Bütün bunlar Azərbaycanın idman ölkəsinə çevrilməsinə şərait yaratdı. Bunu muxtar respublikamızın timsalında da görə bilərik. Artıq diyarımızda güclü idman infrastrukturu formalaşdırılıb, qədim Naxçıvan torpağı ölkə və beynəlxalq səviyyəli yarışların keçirildiyi bir məkana çevrilib. İdmançılarımızın müxtəlif yarışlarda qazandıqları yüksək mükafatlar hamımızı sevindirir. Həmin idmançıların yetişməsində Naxçıvan Dövlət Universitetinin də böyük rolu var. 

 Ali təhsil ocağında yeniləşmə prosesinin müsbət nəticələri uzun illərdir ki, öz bəhrəsini verməkdədir. 1995-ci ildə Mühəndis-pedaqoji fakültəsinin tərkibində Fiziki tərbiyə və ilkin hərbi hazırlıq ixtisasının və 1997-ci ildə Bədən tərbiyəsi və idman ixtisasının açılması həm universitetdə fiziki tərbiyə işinin yaxşılaşmasına, həm də muxtar respublikamız üçün mütəxəssislərin hazırlanmasına xeyli köməklik göstərdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində universitet stadionunun, açıq idman bazasının, müasirtipli Olimpiya Mərkəzinin tikilib istifadəyə verilməsi idmanın inkişafında yeni mərhələnin əsasını qoydu. Ali təhsil ocağında fiziki tərbiyə işinin genişlənməsi ilə əlaqədar olaraq Fiziki tərbiyə və idman oyunları kafedrası, İdman klubu yaradıldı. İndi Naxçıvan Dövlət Universitetində tələbələrin fiziki tərbiyəsi ilə məşğul olan Bədən tərbiyəsi və idman kafedrasında 5 dosent, 11 baş müəllim, universitet İdman klubunun nəzdində isə müxtəlif idman növləri üzrə 13 məşqçi-müəllim fəaliyyət göstərir, hər il orta hesabla 70-80 ixtisaslı bədən tərbiyəsi mütəxəssisi hazırlanır.

Universitetdə fiziki tərbiyə və idman işinin səmərəli təşkili üçün güclü maddi-texniki baza yaradılıb. Tələbələrin ixtiyarına 2 idman, 2 stolüstü tennis, 1 trenajor zalı, 2 şahmat otağı, 1 böyük, 1 mini-futbol meydançası verilib.

Həyata keçirilən bütün tədbirlər diyarımızda ixtisaslı məşqçi-müəllimlərin yetişdirilməsi işinə xidmət edir. Universitetin məzunu olmuş, bir sıra beynəlxalq və ölkə çempionatlarında iştirak etmiş və yüksək nəticələr göstərən idmançıların xeyli hissəsi hazırda muxtar respublikanın idman təşkilatlarında və idman məktəblərində fəaliyyət göstərirlər.

Hər il, ənənəvi olaraq sentyabr-oktyabr aylarında ali təhsil ocağının I kurs tələbələri arasında idmanın müxtəlif növləri üzrə seçmə yarışlar keçirilir. Bu yarışların məqsədi idmanın kütləviliyinə nail olmaq, istedadlı tələbələri universitetdə fəaliyyət göstərən idman məşğələlərinə cəlb etməkdən ibarətdir.

Müxtəlif idman növləri üzrə fakültələrin apardığı işin keyfiyyətini müəyyənləşdirmək və yığma komandaları bacarıqlı idmançılar hesabına komplektləşdirmək məqsədilə universitet tələbələri arasında universiada və çempionatlar keçirilir.
Universitetdə idmanın sərbəst güləş, cüdo, voleybol, badminton, stolüstü tennis idman növləri üzrə ictimai hakimlər və məşqçilər ­hazırlamaq imkanı var.

Ali təhsil ocağında fəaliyyət göstərən idman mütəxəssislərinin işi yüksək qiymətləndirilir. Onlar dövlətimiz tərəfindən müxtəlif fəxri adlara və mükafatlara layiq görülürlər.

“Əqlin gimnastikası” adlandırılan şahmat idman növünün inkişafı daim diqqət mərkəzində saxlanılır. Belə ki, ali təhsil ocağında iki şahmat otağı yaradılıb. Burada məşğul olan tələbələrimizdən Toğrul Həsənzadə “Beynəlxalq usta”, Pərviz Məmmədov və Sadiq Məmmədov isə “Fide usta” adına layiq görülüblər. Hər il iki dəfə şahmat üzrə universitet birinciliyi keçirilməsi artıq ənənə şəklini alıb.

Son illərdə voleybol, futbol, badminton, cüdo, sərbəst güləş, atletika, boks, stolüstü tennis, basketbol və sair idman növlərinin də inkişafına diqqət xeyli artırılıb. Bu da gələcək idman mütəxəssislərinin müxtəlif səviyyəli idman yarışlarına cəlbinə imkan verib.

Təbii ki, bütün bunlar ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasətinin muxtar respublikada uğurla həyata keçirilməsinin ifadəsidir. 2020-ci il fevral ayının 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr ” haqqında müşavirə də bunun davamıdır. Müşavirədə muxtar respublikada bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti geniş şəkildə təhlil edilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müşavirədə çıxış edərək ­deyib: “Ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. İldən-ilə idman nəticələrimiz, uğurlarımız artmaqda davam edir, formalaşan güclü idman infrastrukturu ölkəmizi idman ölkəsinə və beynəlxalq yarışların keçirildiyi mərkəzə çevirir”.

Qarşıya qoyulan məsələlərdən biri muxtar respublikamız üçün yeni olan xizəksürmə idman növünün inkişaf etdirilməsinə diqqətin yönəldilməsi olub. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində istifadəyə veriləcək Xizək Mərkəzi muxtar respublikada xizəksürmə idman növünün inkişafı üçün yeni imkanlar yaradacaq. Məlum olduğu kimi, xizək­sürmə həm əyləncə, həm sağlamlıq üçün istifadə oluna biləcək bir idman növüdür. Həm də xizəksürmə mövsümü tələbələrin qış tətilinə təsadüf etdiyindən onların səmərəli istirahətləri üçün ən yaxşı vasitələrdən biridir. Universitetimizdə bu idman növünün təbliği və tədrisinin günün tələbləri səviyyəsində qurulması diqqət mərkəzində saxlanılıb.

Müşavirədə qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün universitetdə bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, gənclərin fiziki cəhətdən Vətənin müdafiəsinə hazırlanması məqsədilə onların universitetdə təşkil edilmiş idman məşğələlərinə cəlb olunması, hərbi idman oyunlarında və atıcılıq yarışlarında, həmçinin muxtar respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakının təmin edilməsi, İdman klubunun fəaliyyətinin, kadr hazırlığı işinin təkmilləşdirilməsi məqsədilə Bədən tərbiyəsi və idman, Gənclərin fiziki tərbiyəsi və çağırışaqədərki hazırlıq müəllimi ixtisaslarında tədrisin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlərə başlanılıb. Eyni zamanda universiada və çempionatlarda tələbələrin kütləvi iştirakına nail olmaq, ictimai hakim və məşqçilər hazırlanması işini gücləndirmək, tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Tələbə evində şahmat və stolüstü tennis idman növləri üçün şərait yaratmaq, universitet stadionunda sadə idman qurğularını müasir tələblər səviyyəsində qurmaq üçün işlər görülür.

İdman sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə qonşu Türkiyə və İran İslam Respublikası universitetləri ilə şahmat, güləş, cüdo, boks, futbol, voleybol, yüngül atletika və digər idman növləri üzrə yoldaşlıq görüşlərinin təşkilinə də diqqət artıb.

Qeyd edək ki, keçirilən tədbirlər sırasında bədən tərbiyəsi və idmanı təbliğ etmək üçün idmanın ayrı-ayrı növləri üzrə maarifləndirici sosial çarxlar hazırlamaq və Universitet televiziyasında nümayiş etdirmək də nəzərdə tutulub.
Naxçıvan Dövlət Universitetindəki mövcud idman infrastrukturu əminlik yaradır ki, müşavirədən irəli gələn vəzifələrin həlli və “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirə biləcəyik.

Məmmədəli Rəhimov
Naxçıvan Dövlət Universitetinin İdman klubunun sədri, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: