Martın 13-dən 15-dək Abşeron Olimpiya İdman Kompleksində uşu üzrə XXVIII Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda 300 idmançı iştirak edəcək.
NUHÇIXAN xəbər verir ki, ənənəvi çempionat uşunun sanda və tuyşou növləri üzrə təşkil olunacaq.
Yarışa paytaxt ilə yanaşı, Şəki, Göyçay, Bərdə, Gəncə, Zaqatala, Salyan, Naxçıvan, Tovuz, Qobustan, Şamaxı və Sumqayıtdan olan idmançılar da qatılacaqlar.
Yarışın açılışı martın 14-də saat 12:00-da olacaq. Martın 15-də isə final oyunları keçiriləcək.