Martın 3-də futbol üzrə Türkiyə Kubokunun yarımfinal mərhələsinin ilk görüşündə “Trabzonspor” klubu doğma meydanda “Fənərbağça” komandası ilə qarşılaşıb.
NUHÇIXAN xəbər verir ki, “Medical Park Arena”da keçirilən oyun qarşılıqlı hücumlarla yadda qalıb. Görüşün 46-cı dəqiqəsində meydan sahiblərinin hücumçusu Aleksandr Sorlot hesabı açıb. Trabzon təmsilçilərinin müdafiəçisi Filip Novak 66-cı dəqiqədə hesab arasındakı fərqi artırıb. Matçın 82-ci dəqiqəsində qonaq komandanın hücumçusu Vedat Muruqi fərqlənsə də, istanbulluların bundan artığına gücləri çatmayıb.
Beləliklə, görüş 2:1 hesabı ilə "Trabzonspor"un xeyrinə bitib.
Yarımfinal mərhələsinin digər oyunu martın 4-də “Antalyaspor” ilə “Alanyaspor” komandaları arasında keçiriləcək. Cavab qarşılaşmaları isə aprelin 21-22-də oynanılacaq.