“Badamlı-Naxçıvan Kuboku”nun sahibi məlum olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Futzal liqasında mübarizə aparan komandalar arasında keçirilən “Badamlı-Naxçıvan Kuboku”na yekun vurulub.

Olimpiya İdman Kompleksində keçirilən final oyununda “Badamlı” və “Prestij” komandaları üz-üzə gəlib. Böyük azarkeş dəstəyi ilə izlənilən oyuna “Badamlı” komandası daha fəal başlayıb. Ard-arda qollarını sıralayan “Badamlı” meydandan 11-0 böyük hesablı qələbə ilə ayrılıb.

Mükafatlandırma mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri, Naxçıvan Futbol Federasiyasının sədri Azad Cabbarov hər iki komandanı təbrik edib, gələcək oyunlarda uğurlar arzulayıb. Çıxışdan sonra “Prestij” komandasına medal, “Badamlı” komandasına isə medal və kubok təqdim edilib. Həlledici qarşılaşmanı idarə etdiklərinə görə hakimlər briqadasına plaketlər təqdim edilib. Əlavə olaraq, kubokda ən yaxşı oyunçu, qapıçı və məhsuldar futbolçu nominasiyası üzrə oyunçular mükafatlandırılıb.

Qeyd edək ki, “Badamlı-Naxçıvan Kuboku” Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı və “Badamlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin sponsorluğu ilə həyata keçirilib.

                                                                                 Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: