5 Mart Bədən Tərbiyəsi və İdman Günüdür
Naxçıvanda bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə yüksəlmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü”kimi qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirmiş, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi qayğısına qalmışdır. Ulu öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ölkədə idmanın inkişafına güclü təkan vermişdir. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilmiş, 1997-ci ildən gənclər və idman siyаsəti yeni mərhələyə qədəm qоymuşdur. Həmin il iyul аyının 31-də cənаb İlhаm Əliyеvin Milli Оlimpiyа Kоmitəsinin prеzidеnti sеçilməsindən sоnrа ölkəmizdə idmаn hərəkаtı daha da gеnişlənmiş, bu sahənin inkişafına xidmət edən kоmplеks tədbirlərin həyаtа kеçirilməsinə bаşlаnılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “İdmanın inkişafı bizim dövlət siyasətimizdir və idman infrastrukturunun yaradılması prosesi davam edir. Biz gələcək illərdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik ki, hər bir rayonda idmanla məşğul olmaq üçün ən müasir şərait yaradılsın”.Son illər ölkə iqtisadiyyatının sürətli inkişafı bədən tərbiyəsi və idmanı da əhatə etmişdir. Ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir. Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafına qayğı göstərilir.Hazırda muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, Şahmat Mərkəzi, Atıcılıq Mərkəzi, rayon mərkəzlərində şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, stadion və süni örtüklü mini futbol meydançaları, tam orta məktəblərdə müasir idman zalları, olimpiya ağırlıqqaldırma qurğuları və 886 sadə tipli idman avadanlıqları mövcuddur. 2002-ci ildə boks, güləş, karate-do, şahmat, futbol, voleybol, basketbol, yüngül atletika, 2006-cı ildə paralimpiya, 2013-cü ildə atıcılıq, hava və ekstremal idman növləri, 2018-ci ildə kikboksinq federasiyaları yaradılmışdır. Bundan başqa, “Araz-Naxçıvan” Peşəkar Futbol Komandasının fəaliyyəti bərpa olunmuş və Əlincə Stolüstü Tennis Klubu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayon Ağır Atletika Bölməsi və “Xatun” Bədii Gimnastika İdman Klubu fəaliyyətə başlamışdır.
Bu gün muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. Bu gün muxtar respublikamızda, ümumilikdə, 36881 yeniyetmə və gənc aktiv şəkildə idmanla məşğul olur. Onların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, yeni idmançılar nəsli yetişir, müxtəlif idman növləri üzrə uğurların sayı daha da artır.
Muxtar respublikada qadınların idmana cəlbi istiqamətində də mühüm işlər görülmüş, müxtəlif idman federasiyaları üzrə qızlardan ibarət klublar yaradılmış, onların idman obyektlərindən istifadəsi təmin olunmuşdur.Muxtar respublikada stolüstü tennis,üzgüçülük, həndbol, fitnes, aerobika və Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölmələrində, həmçinin, idmanın müxtəlif növləri ilə məşğul olan qızların sayı ilbəil artır. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən “Xatun” Bədii Gimnastika İdman Klubunda hazırda 70-dən çox qız bədii gimnastika ilə məşğul olur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bölmələrdə fəaliyyət göstərən məşqçi-müəllimlər ixtisasartırma kurslarına göndərilmiş, Azərbaycan Gimnastika Federasiyasının məşqçiləri muxtar respublikaya dəvət olunmuş və bədii gimnastika üzrə təlim-məşq keçmişlər.
Muxtar respublikada olimpiya idman komplekslərində, idman mərkəzlərində, şahmat məktəblərində, stadionlarda, mini futbol meydançalarında, ümumtəhsil məktəblərinin idman zallarında, muxtar respublikanın şəhər, rayon və qəsəbələrində fəaliyyət göstərən idman federasiyalarının klub və bölmələrində, uşaq-gənclər idman məktəblərinin qruplarında ümumilikdə 36272 uşaq və gənc idmanla məşğul olur ki, onunda 27215-i oğlanlar, 9057-si isə qızlardır.
Gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Ona görə də muxtar respublikada bu sahənin inkişafı mühüm və qabaqcıl istiqamət kimi müəyyənləşdirilmişdir. Gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələr də məhz bu məqsədə xidmət edir.
2020-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilənmüşavirədə Ali Məclisin Sədri demişdir: Bədən tərbiyəsi və idman insanın hərtərəfli inkişafını, sağlam həyat tərzini təmin edir, əhalinin əmək qabiliyyətini yüksəldir, uzunömürlülüyü artırır, zərərli vərdişlərin qarşısını almaqla gəncləri fiziki və mənəvi cəhətdən vətənin müdafiəsinə hazırlayır. Naxçıvan Muxtar Respublikasında əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. Yaradılan şərait idmanın kütləviliyinə, muxtar respublikamızda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 14-də “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Dövlət Proqramı müasir dövrün reallıqları nəzərə alınmaqla uşaq və gənclərin idmana cəlbinin kütləviləşməsinə, əhalinin fiziki sağlamlığının qorunmasına yeni imkanlar yaradacaqdır. Əsas məqsəd isə əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, istedadlı idmançıların üzə çıxarılması, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi, həmçinin idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılmasından ibarətdir.
Muxtar respublikada ölkə və beynəlxalq səviyyəli yarışların keçirilməsi də nəzərdə tutulur ki, bunlara misal olaraq “5 mart- Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş “İdman festivalı”nı, karate-do üzrə dünya kuboku və Azərbaycan çempionatını, 16 yaşadək şahmatçılar arasında ümumdünya Şahmat Olimpiadasını, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş cüdo və futbol üzrə Beynəlxalq turnirləri, şahmat üzrə “Beynəlxalq Şahmat Festivalını göstərə bilərik. 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası 2020-ci ilin oktyabrın 2-dən 12-dək Naxçıvan şəhərində keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi qarşıya qoyulan bu tapşırıqların icrasını diqqət mərkəzində saxlayacaq, istedadlı idmançılar nəsli yetişdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin Mətbuat xidməti