İyunun 20-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının VII gününün sonuncu oyununda “B” qrupunda yer alan İran və İspaniya milliləri qarşılaşırlar.
NUHÇIXAN xəbər verir ki, “Kazan Arena”da keçirilən oyunda iranlıların start heyətində Əli Beyranvand, Məcid Hosseyni, Morteza Purliqanci, Ehsan Həcəfi, Ramin Rezaeyan, Səid Ezatolahi, Omid İbrahimi, Mehdi Terami, Kərim Ensarifard, Vahid Əmiri, Sərdar Azmun meydana çıxıblar.
İspaniya millisində start heyətində isə David De Xeya, Serxio Ramos, Jerar Pike, Dani Karvaxal, Jordi Alba, Andres İniesta, Serxio Buskets, David Silva, Lukas Vasqets, İsko, Dieqo Kosta yer alıblar.
İran ilk turda Mərakeş yığmasını 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. İspaniya isə Portuqaliya ilə heç-heçə edib – 3:3. Bu gün Mərakeş yığmasını 1:0 hesabı ilə məğlub edən portuqaliyalılar hazırda 4 xalla qrupa liderlik edirlər. İspaniya yığması səkkizdəbir finala yüksəlmək şanslarını yaxşılaşdırmaq üçün İran yığmasını mütləq məğlub etməlidir.
Qeyd edək ki, İran yığması ilk dəfədir iki dəfə dalbadal dünya çempionatına vəsiqə qazanır. İndiyədək dörd dəfə dünya çempionatında çıxış edən İran yığması onların hamısında mübarizəni qrup mərhələsində dayandırıb.
2010-cu ildə dünya çempionatının qalibi olan İspaniya yığması 15-ci dəfədir mundialda çıxış edir.
Qrup mərhələsinin üçüncü turunda Portuqaliya ilə İran və İspaniya ilə Mərakeş qarşılaşacaqlar.