Muxtar respublikanın son illərdə beynəlxalq yarışlara ev sahibliyi edən bir məkan kimi də diqqəti çəkməsi seçim prosesində həlledici məqam oldu
NUHÇIXAN xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib. O bildirib ki, “Bildiyimiz kimi, 25 il bundan öncə, 1995-ci ildə Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin olimpiya, dünya çempionları, idman ictimaiyyəti ilə görüşü olub. Məhz həmin dövrdən başlayaraq Azərbaycanda vahid idman strategiyası müəyyən edilib, idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilib. Ölkə Prezidentinin 2005-ci ildə imzaladığı müvafiq sərəncam ilə hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur, bununla əlaqədar ölkəmizin hər yerində müxtəlif idman yarışları keçirilir. Artıq idman festivalının təşkili də ənənə halını alıb. Ulu öndər Heydər Əliyevin 25 il öncə atdığı mütərəqqi addıma həsr olunmuş budəfəki idman bayramının ölkənin idman siyasətinin əsasını qoyan dahi şəxsiyyətin dünyaya göz açdığı Naxçıvanda keçirilməsi heç də təsadüfi deyil. Muxtar respublikanın son illərdə beynəlxalq yarışlara ev sahibliyi edən bir məkan kimi də diqqəti çəkməsi seçim prosesində həlledici məqam oldu. Festivalın Saat meydanı kimi belə gözəl məkanda və yüksək səviyyədə təşkili Bakıdan buraya üz tutan idman ictimaiyyətini hədsiz dərəcədə sevindirdi. Bu idman bayramının mühüm xüsusiyyətlərindən biri də ölkənin yüksək titullu idmançıların, idman ictimaiyyətinin bir araya gələrək gələcəyə, inkişafa yönələn maraqlı dialoqlar qurmasıdır ki, bu da, son nəticədə, bu sahədə yüksəlişə xidmət edir. Biz burada olduğumuz müddətdə muxtar respublikada fəaliyyət göstərən ayrı-ayrı federasiyaların hazırladığı nömrələrə tamaşa etdik, güclü-qüvvətli idmançıların məşq prosesini seyr etdikcə, həqiqətən, könlümüz açıldı. Festival çərçivəsində buradakı idman veteranları ilə də görüş oldu ki, bu da idmanımızın dünəninə verilən böyük dəyərdir. Ümumilikdə, onu deyə bilərəm ki, idman festivalı yüksək səviyyədə, rəngarəng formada keçdi, burada iştirak etməyimə çox şad oldum”.
“Şərq qapısı” qəzeti