NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində yerləşən “Saat meydanı” turistik istirahət mərkəzində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı”nda veteran futbolçu, məşqçi Ağasəlim Mircavadov jurnalistlərə müsahibəsində bildirib ki, bu gün idman sahəsində fərqlənən, uğurlara imza atan və əldə olunan qələbələrə sevinən hər bir azərbaycanlının, ən əsası milli idmanımızın bayramıdır. Mən çox şadam ki, Naxçıvanda təşkil olunan möhtəşəm idman festivalında iştirak edirəm. Əsası ümummilli lider tərəfindən qoyulan idman siyasətinin bu gün muxtar respublikada da uğurla davam etdirildiyinin şahidiyik. Burada idmana böyük diqqət və qayğı var. Mən Naxçıvana idman tədbirləri üçün tez-tez gəlirəm. Əminliklə qeyd edə bilərəm ki, hər il idman sahəsi daha da inkişaf edir, yeni-yeni nailiyyətlər əldə olunur. Yetirmələrimdən olan Əsgər Abdullayevin adını çəkmək istəyirəm. Bildiyiniz kimi, futbolda əsas iş məşqçinin üzərinə düşür. Əsgər Abdullayev Naxçıvanda yeni inkişaf etməkdə olan futbolun kütləviliyinə xidmət edir. İnanıram ki, muxtar respublika futbolçuları onlara göstərilən bu etimadı doğruldacaq və dünya səviyyəli peşəkar futbolçu kimi yetişəcəklər. Bu gün burada təşkil olunan möhtəşəm tədbir də sadaladıqlarımın əyani göstəricisidir. Fürsətdən istifadə edib 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün azərbaycanlıları, həmkarlarımın bayramını təbrik edir, daha böyük zəfərlər, nailiyyətlər arzu edirəm.
“Şərq qapısı” qəzeti