Martın 6-da Türkiyə Superliqasının XXV turunun birinci qarşılaşmasında “Beşiktaş” doğma meydanda “Ankaragücü”nü qəbul edib.
NUHÇIXAN xəbər verir ki, “Vodafon Park” arenada keçirilən görüşə meydan sahibləri fəal başlayıb. Matçın 6-cı dəqiqəsində “Beşiktaş”ın hücumçusu Burak Yılmaz onbir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. Görüşün 88-ci dəqiqəsində İstanbul təmsilçilərinin yarımmüdafiəçisi Adəm Lyayiç hesab arasındakı fərqi artırıb. Oyunun son dəqiqələrində paytaxt klubunun hücumçusu İlhan Parlak vurulan qollardan birinin əvəzini çıxsada komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Beləliklə, “Beşiktaş” doğma meydanda “Ankaragücü”nü 2:1 hesabla məğlub edib.
Bu oyundan başqa, turda “Yeni Malatyaspor”-“Konyaspor”, “Qaziantep”-“Trabzonspor”, “Göztəpə”-“Başakşəhər”, “Fənərbağça”-“Dənizlispor”, “Kasımpaşa”-“ Kayserispor”, “Rizəspor”-“Alanyaspor”, “Sivasspor”-Qalatasaray” və “Gənclərbirliyi”-“Antalyaspor” matçları keçiriləcək.
Türkiyə çempionatında hazırda turnir cədvəlinə 49 xalla “Başakşəhər” klubu liderlik edir. “Trabzonspor”, “Qalatasaray” və “Sivasspor” klubları 48 xalla iki, üç və dördüncü pillələrdə qərarlaşıblar. Sonrakı yerlərdə “Beşiktaş” (43 xal), “Alanyaspor” (39 xal), “Fənərbağça” (39 xal) və digər komandalar gəlir.