Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) Tokio Yay Olimpiya Oyunları üçün lisenziya müddətinin uzadılması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edib.
NUHÇIXAN federasiyanın rəsmi saytına istinadla xəbər verir ki, müraciətə səbəb koronavirus infeksiyasının yayılması olub. Belə ki, martın 15–26-da Hindistanın paytaxtı Dehlidə keçirilməli olan dünya kuboku bu infeksiyaya görə təxirə salınıb. Olimpiadaya lisenziya xarakterli yarış isə aprelin 15-nə planlaşdırılıb.
ISSF BOK-a müraciət edərək Almaniyanın Münxen şəhərində və Bakıdakı dünya kuboklarının Olimpiadaya lisenziya xarakterli olmasını istəyib.
Qeyd edək ki, Bakıda atıcılıq üzrə dünya kuboku iyunun 22-dən iyulun 3-dək təşkil ediləcək. Tokio Yay Olimpiya Oyunları isə iyulun 24-dən avqustun 9-dək keçiriləcək.