“Tokio-2020” Yay Olimpiya Oyunlarının təşkilat komitəsi Harayuki Takahaşinin dediklərini təkzib edib
“Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi bu qurumun üzvü Harayuki Takahaşinin “The Wall Street Journal” nəşrinə yeni koronavirusla əlaqədar yarışların 1-2 il müddətinə təxirə salına biləcəyi barədə dediklərini təkzib edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə martın 11-də təşkilat komitəsinin yaydığı bəyanatda deyilir.
Qeyd edək ki, martın 10-da “The Wall Street Journal” nəşri təşkilat komitəsinin üzvü H.Takahaşiyə istinadla “Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni koronovirus təhlükəsi ilə əlaqədar 1-2 il müddətinə təxirə salına biləcəyi barədə məlumat yayıb.
Nəşr H.Takahaşinin sözlərini sitat gətirərək yazıb: “Düşünmürəm ki, Oyunlar ləğv edilə bilər, bu, yarışların ləğv olunması deyil, tarixin dəyişdirilməsi olacaq. Əgər onları ləğv etsələr, Beynəlxalq Olimpiya Komitəsi çətinliyə düşəcək”.
H.Takahaşi əlavə edib ki, tədbirin bir il sonraya salınması çətin olacaq, belə ki, bu halda Oyunlar digər mühüm idman hadisələri ilə eyni vaxtda düşəcək. H.Takahaşi hesab edir ki, Olimpiya Oyunlarını iki il sonra keçirmək daha asan olacaq. Belə ki, növbəti ilin idman tədbirlərinin cədvəli, demək olar, tamamilə razılaşdırılıb.
Bununla bağlı “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin yaydığı bəyanatda bildirilir ki, qurum H.Takahaşinin dedikləri ilə bağlı heç bir məlumata malik deyil və yarışlar planda nəzərdə tutulduğu kimi, iyulun 24-də start götürəcək.
Təşkilat komitəsinin yaydığı bəyanatda deyilir: “Biz həmin müsahibənin detalları və tam məzmunu barədə heç bir məlumata malik deyilik. Yarışların təxirə salınması məsələsi hazırda müzakirə mövzusu deyil. Yarışlara hazırlıq planda nəzərdə tutulduğu kimi davam etdirilir”.