NUHÇIXAN xəbər verir ki, Bakı Şəhər Boks İdman Mərkəzində 11-ci “Baku Open” beynəlxalq karate turniri keçirilib.
Yarışın birinci günündə böyüklər və veteranlar, mart ayının 6-da 16-17 yaşlı və 18-21 yaşlı gənclər, 7-də 14-15 yaşlı yeniyetmələr, ayın 8-də isə 6-13 yaşadək uşaqlar mübarizə aparıblar. Turnir bu dəfə dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Fərdi və komanda yarışlarında Azərbaycanla yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edib.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 2 idmançısı da turnirdə mübarizə aparıb və qaliblər sırasına öz adlarını yazdırmağı bacarıb. Belə ki, tatami üzərinə çıxan 18-21 yaş qrupunda +84 kiloqram çəki dərəcəsində Aslan İsmayılov və 16-17 yaş qrupunda 55 kiloqram çəki dərəcəsində Rəşad Qasımov beynəlxalq turnirin bürünc medalını qazanıblar.
Sonda diplom və medallar verilib.