Martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya təsnifat turniri start götürəcək. Qırx ölkədən 350 idmançının qatılacağı yarışda Azərbaycan boksçuları da iştirak edəcəklər.
Azərbaycan Boks Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, boksçularımızın ilk rəqibləri müəyyənləşib. Belə ki, martın 14-də kişilər arasında otuzikidəbir finalda Kamran Şahsuvarlı (75 kq) Edin Avdiç (Avstriya), onaltıdabir finalda Tayfur Əliyev (57 kq) Bişara Sabbar (İsrail) ilə mübarizə aparacaqlar. Martın 15-də onaltıdabir finalda Cavid Çələbiyev (63 kq) Kiril Rusinov (Bolqarıstan), Rauf Rəhimov (91 kq) Mücahit İlyas (Türkiyə), martın 16-da Lorenzo Sotomayor (69 kq) Dmitri Qalaqot (Moldova) ilə qarşılaşacaqlar. Martın 16-da səkkizdəbir final mərhələsində Rüfət Hüseynov (52 kq) Kosmin-Petre Girleanu (Rumıniya), martın 17-də Alfonso Dominqes (81 kq) İbrahim Bazuyev (Almaniya)/Stefan Hrekul (Ukrayna) cütünün qalibi, martın 18-də isə Məhəmməd Abdullayev (91 kq) Adam Kulik (Polşa) ilə güclərini sınayacaqlar.
Qadınlar arasında martın 14-də 51 kiloqram çəki dərəcəsində onaltıdabir finalda Anaxanım Ağayeva Tatyana Kob (Ukrayna) ilə mübarizə aparacaq. Martın 17-də isə səkkizdəbir finalda iki qadın boksçumuz güclərini sınayacaq. Məhsəti Həmzəyeva (57 kq) Aycan Güldağı (Türkiyə) / Cenefer Fernandes (İspaniya) cütünün qalibi, Aynur Rzayeva (75 kq) isə Yelizaveta Vojçik (Polşa) ilə qarşılaşacaqlar.
“Copper Box Arena”da keçiriləcək yarışda “Tokio 2020” Yay Olimpiya Oyunlarına 77 lisenziya sahibini tapacaq. Bunlardan 50-si kişi boksçuların, 27-si isə qadın idmançıların payına düşəcək.
Kişilərin yarışında 52, 57 və 63 kiloqramlarda ilk səkkizlikdə qərarlaşacaq boksçular Olimpiadada iştirak hüququ qazanacaqlar. 69, 75, 81 kiloqram çəki dərəcələrində isə altılıqdakı idmançılar lisenziyaya sahib olacaq. Ağır çəkilərdə - 91 və +91 kiloqram çəki dərəcələrində isə dördlüyə düşən boksçuların “Tokio 2020” arzusu reallaşacaq.
Qadın boksçularımızın mübarizə aparacağı 51 və 57 kiloqram çəki dərəcələrində altılıqda qərarlaşanlar lisenziyaya sahib olacaqsa, 75 kiloqramda ilk dördlükdə yer alan idmançıların Olimpiadada iştirakı rəsmiləşəcək.
Turnir ayın 24-də başa çatacaq.