Bu gün İstanbul derbisində “Qalatasaray” ilə “Beşiktaş” qarşılaşacaq - FOTOLAR
Martın 15-də futbol üzrə Türkiyə Superliqasının XXVI turunda “Qalatasaray” komandası İstanbul derbisində əzəli rəqibi “Beşiktaş”ı qəbul edəcək.
NUHÇIXAN xəbər verir ki, “Türk Telekom” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunun baş hakimi Abdulkadir Bitiqen olacaq.
“Qalatasaray”ın heyətində bu mövsüm 6 qol vuran Adem Büyükün, "Beşiktaş"ın təcrübəli futbolçuları Dorukhan Toköz və Duqlas Pereyranın zədəli olduqları üçün mərkəzi görüşdə meydana çıxmayacaqları gözlənilir.
Bu qarşılaşma iki komanda arasında oynanılacaq 347-ci derbi qarşılaşması olacaq. İndiyədək keçirilmiş 346 oyunda "Qalatasaray" 122, "Beşiktaş" 111 dəfə rəqibindən üstün olub, 113 matç isə heç-heçə başa çatıb.
Doxsan altı illik rəqabət 1924-cü ildə "Taksim" stadionunda keçirilən ilk görüşdən "Beşiktaş"ın 2:0 hesabı ilə qalib gəlməsi ilə başlayıb.
Hazırda Fatih Terimin baş məşqçisi olduğu komanda hər biri 52 xala malik olan lider "Trabzonspor" və ikinci pillədəki "Başakşəhər"dən 3 xal geridədir və üçüncü yerdə qərarlaşıb . "Sarı-qırmızılı"lar çempionluğa iddialı digər komandalar olan "Trabzonspor" və "Başakşəhər"in də qarşı-qarşıya gələcəyi bu həftədə "Beşiktaş"ı məğlub edərək oyunda xal itirməməyə çalışacaq. Yeni baş məşqçisi Sergen Yalçınla qarşılaşmadan qalibiyyətlə ayrılaraq turnir cədvəlinin yuxarısına yaxınlaşmağı qarşısına məqsəd qoyan "qara qartallar" 43 xalla beşinci sıradadır.
"Qalatasaray" Superliqada oynadığı son 9 görüşdə çempionatdakı rəqiblərinə uduzmayıb. "Ağ qaralar" isə son 6 matçda dörd dəfə qələbə qazanıb, bir dəfə məğlub olub və bir heç-heçə edib.
Bu komandalar arasında cari mövsümdəki "Vodafon Park" stadionunda keçirilmiş derbidə ev sahibi "Beşiktaş" üç xala sahib olmuşdu - 1:0.
Xatırladaq ki, Türkiyədə koronavirus pandemiyasına görə ölkə çempionatının XXVI turunun mərkəzi "Qalatasaray"-"Beşiktaş" və "Trabzonspor"-"Başakşəhər" matçları azarkeşsiz keçiriləcək.