Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya təsnifat turniri start götürüb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, on gün davam edəcək yarışın ilk günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb.
Boksçularımızdan Tayfur Əliyev (57 kq) onaltıdabir finalda Bişara Sabbarla (İsrail) üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. Avropa Oyunlarının mükafatçısı rəqibini 5:0 hesabı ilə məğlub edib. Boksçumuz səkkizdəbir finalda Edqaras Skurdelislə (Litva) qarşılaşacaq. Görüş martın 16-da olacaq.
Tayfur Əliyev kimi, Kamran Şahsuvarlı da yarışa qələbə ilə başlayıb. Belə ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz otuzikidəbir finalda Edin Avdiçdən (Avstriya) güclü olub – 4:1. O, onaltıdabir finalda dünya və Avropa çempionu, həmçinin Avropa Oyunlarının qalibi ukraynalı Aleksandr Xijnyakla döyüşəcək. Bu qarşılaşma da martın 16-na təsadüf edəcək.
Qadın boksçularımızdan Anaxanım Ağayeva (51 kq) debütdə Tatyana Kobu (Ukrayna) sınağa çəkib. Lakin səkkizdəbir finala rəqib yüksəlib.