Azərbaycan Gimnastika Federasiyası (AGF) artıq beşinci dəfə idman gimnastikası üzrə dünya kubokuna ev sahibliyi edib.
NUHÇIXAN Azərbaycan Gimnastika Federasiyasının (AGF) saytına istinadla xəbər verir ki, martın 12-13-də Milli Gimnastika Arenasında dünya kubokunun təsnifat mərhələləri baş tutub. Koronavirusla əlaqədar yarışların final mərhələləri ləğv edilib.
AGF nümayəndə heyətləri Bakıya səfər etməmişdən əvvəl və finalların ləğvindən sonra yaranan bütün çətinlikləri aradan qaldırmaq üçün gecə-gündüz çalışan Yerli Təşkilat Komitəsinin (YTK) hər bir üzvünə, onlarla əməkdaşlıq edən hər bir könüllüyə təşəkkürünü bildirir. Bütün dünyada yaranan çətin vəziyyətə baxmayaraq, Azərbaycanın gimnastika ailəsi birləşərək dünya gimnastika ulduzlarını sağlam mühitdə qəbul etmək üçün əlindən gələni edib.
Artıq bütün nümayəndə heyətləri Bakıdan yola salınıb və ölkələrinə çatıblar. AGF Beynəlxalq Gimnastika Federasiyasına, nümayəndə heyətlərinə koronavirus pandemiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin Azərbaycan dövləti tərəfindən qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı finalların ləğvinə anlayışla yanaşmaları, ümumiyyətlə, yarışlarda iştirak etdiklərinə görə minnətdardır.
Müvafiq dövlət qurumları və digər təşkilatların dəstəyi olmadan bu dünya kuboku yarışları baş tuta bilməzdi. AGF böyük dəstəyə görə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Birinci Vitse-Prezidentinin Katibliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Sərhəd Xidməti, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, ASAN viza departamenti, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə səmimi təşəkkürünü bildirir.