İyunun 23-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının IX günündə “D” və “E” qruplarında növbəti oyunlar keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, gün ərzində “D” qrupunda yer alan Nigeriya və İslandiya komandaları üz-üzə gələcəklər. Digər iki qarşılaşma isə “E” qrupundakı komandalar arasında keçiriləcək. Braziliya ilə Kosta-Rika, Serbiya ilə İsveçrə milliləri görüşəcəklər.
Dünya çempionatının doqquzuncu gününə saat 16:00-da “Sankt-Peterburq Arena”da Braziliya - Kosta-Rika oyunu ilə start veriləcək. “Pentakampeon”lar ilk turda İsveçrə ilə 1:1 hesablı heç-heç ediblər. Kosta-Rika isə Serbiya millisinə minimal hesabla məğlub olub - 0:1.
Bu oyun komandalar arasında üçüncü matç olacaq. Braziliya yığması Kosta-Rikanı 1990-cı ildə 1:0, 2002-ci ildə isə 5:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Braziliya millisi ən çox dünya çempionu olan komandadır. Braziliyalılar kuboku 5 dəfə başları üzərinə qaldırıblar. İlk dəfə 1958-ci ildə İsveçdə, dörd il sonra isə Çilidə keçirilən mundialın qalibi olan braziliyalılar 1970-ci ildə Meksikadakı turnirdə də qalib gələrək üçqat dünya çempionu kimi “Qızıl İlahə”ni həmişəlik öz ölkələrinə aparıblar. Braziliya millisi yeni kuboku üçüncü çempionluqdan 24 il sonra – 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında əldə edə bilib. Sonuncu – beşinci çempionluğuna 2002-ci ildə Koreya Respublikasının və Yaponiyanın birlikdə təşkil etdikləri mundialda nail olan Braziliya yığması hələlik bu göstərici üzrə dünya rekordçusudur.
Kosta-rikalılar dünya çempionatlarında indiyədək dörd dəfə iştirak ediblər. Onların ən yaxşı göstəricisi 2014-ci ildə Braziliyada keçirilən mundialda dörddəbir final mərhələsinə vəsiqə qazanmaları olub. Latın Amerikası təmsilçisi həmin çempionatda İtaliya, İngiltərə, Uruqvay komandaları ilə bir qrupda yer almışdı. Kosta-Rikanın mundiallarda debütü 1990-cı ilə təsadüf edir. Milli komandanın tarixində ən çox qol vuran oyunçu Rolando Fonseka Ximenesdir (44 qol).
Saat 19:00-da başlayacaq günün ikinci matçı “Volqoqrad Arena”da keçiriləcək. “D” qrupunun digər oyununda Nigeriya və İslandiya yığmaları qarşılaşacaqlar. Bu komandalar heç vaxt bir-biri ilə qarşılaşmayıblar. Nigeriya birinci turda Xorvatiya millisinə 0:2 hesabı ilə məğlub olub. İslandiya isə mundialın favoriti sayılan Argentina yığması ilə heç-heçə edib – 1:1. Ötən gün Xorvatiya yığması Argentina üzərində qələbə qazandığından islandiyalılar bu görüşdə qalib gələcəkləri təqdirdə səkkizdəbir finala yüksəlmək üçün gözəl imkan əldə edəcəklər.
Günə saat 22:00-da Kalininqrad şəhərində start veriləcək Serbiya və İsveçrə millilərinin görüşü ilə yekun vurulacaq. “E” qrupunda yer alan bu komandalardan Serbiya ilk görüşdə Kosta-Rikaya minimal hesabla qalib gəlib. İsveçrə millisi isə çətin rəqiblə - Braziliya yığması ilə görüşdə heç-heçə edib. Serbiya 3 xalla qrupda birinci yerdə qərarlaşıb.
Braziliya - Kosta-Rika oyunu İdman Azərbaycan, Nigeriya-İslandiya qarşılaşması İdman Azərbaycan və İctimai Televiziya, Serbiya-İsveçrə matçı isə İctimai Televiziya və İdman Azərbaycan kanallarında tamaşaçılara təqdim olunacaq.