Olimpiya məşəli Yunanıstandan Yaponiyanın şimal-şərqində yerləşən Miyaqi prefekturasına müvəffəqiyyətlə gətirilib. 2011-ci ildə bu əraziyə zəlzələ və sunami nəticəsində ciddi zərər dəymişdi. Kiodo agentliyi Yaponiya Özünümüdafiə Qüvvələrinin Matsuşima hərbi bazasına xüsusi laynerin gəlməsi barədə xəbər yayıb.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məşəlin gətirildiyi təyyarə planlaşdırılan vaxtdan bir saat əvvəl eniş edib. Yaponiyanın Ti-bi-es telekanalının məlumatına görə, olimpiya məşəlinin qarşılanma mərasiminin başlanması regionda nəqliyyatın hərəkətini pozmuş güclü küləyə görə gecikə bilər. Tədbirdə cüdo üzrə üçqat olimpiya çempionu Tadaxiro Nomura, sərbəst güləş üzrə olimpiya çempionu xanım Saori Yoşida iştirak etməlidirlər. Əvvəlcə məşhur idmançıların məşəli Yunanıstandan şəxsən gətirəcəkləri güman edilirdi. Lakin koronavirus pandemiyası Afinanın “Panatinaikos” stadionunda keçirilən məşəlin ötürülməsi mərasiminə sərt düzəliş etdi.
Məşəlin Yaponiya ərazisində estafeti martın 26-da qonşu prefektura Fukusimada futbol məşq mərkəzində başlanacaq. Bu prefektura da 2011-ci ildə təbii fəlakətdən zərər görüb. Lakin yerli hökumət orqanları infeksiyanın yayılma təhlükəsinin qalması səbəbindən insanları estafetin marşrutu boyunca kütləvi cərgəyə düzülməkdən çəkinməyə çağırır. Eyni zamanda, Yaponiya hökuməti koronavirusun yarışların keçirilməsinə mane olmayacağı mövqeyini saxlayır.