İyunun 22-də “Rusiya 2018”in IX gününün sonuncu oyununda “E” qrupunda yer alan Serbiya və İsveçrə milliləri qarşılaşırlar.
NUHÇIXAN xəbər verir ki, "Kalininqrad Arena”da keçirilən görüşdə Serbiya yığmasının start heyətində meydana Vladimir Stoykoviç, Nikola Milenkoviç, Duşko Toşıç, Aleksandr Kolarov, Branislav İvanoviç, Nemanya Matiç, Luka Milivoyeviç, Filip Kostiç, Duşan Tadiç, Serqey Milinkoviç-Saviç, Aleksandr Mitroviç çıxıblar.
İsveçrə millisinin ilk “onbirliyi”ndə Yan Zommer, Fabian Şer, Manuel Akanji, Stefan Lixtştayner, Rikardo Rodriqez, Valon Behrami, Qranit Djaka, Djerdan Şakiri, Stiven Cuber, Blerim Djemaili, Xaris Seferoviç yer alıblar.
İlk turda Kosta-Rikanı (1:0) məğlub edən Serbiya millisi bu oyunda 3 xal qazanacağı təqdirdə mundialın səkkizdəbir final mərhələsinə yüksələcək. İsveçrə seçməsi isə qrupun favoriti Braziliya yığması ilə heç-heçə etdiyindən səkkizdəbir finala yüksəlmək şansını itirməmək üçün bu görüşdə ən azı məğlub olmamalıdır.
Bu qrupun digər oyununda braziliyalılar Kosta-Rikanı oyunun əsas vaxtına artırılan hissədə vurduqları iki qolla məğlub ediblər.
Serbiya və İsveçrə yığmaları ilk dəfədir qarşılaşırlar. İsveçrəlilərin dünya çempionatlarında debütü 1934-cü ildə olub. Onlar mundialda on birinci dəfədir iştirak edirlər və ən yaxşı nəticəni 1934-cü, 1938-ci və 1954-cü illərdə göstərərək dörddəbir final mərhələsinə vəsiqə qazanıblar.