Şahmat üzrə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen səkkiz ən güclü şahmatçının iştirak edəcəyi onlayn-superturnir təşkil edəcək.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, aprelin 18-də start götürəcək turnirdə dünya reytinqində ilk səkkizlikdə Maqnus Karlsen, Fabiano Karuana (ABŞ), Liren Dinq (Çin), Yan Nepomnyaşi (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya), Levon Aronyan (Ermənistan) və Uesli So (ABŞ) güclərini sınayacaqlar. İki həftə davam edəcək turnir 7 dövrədən ibarət olub dairəvi sistem formatında təşkil olunacaq.
Yarışın mükafat fondu 250 min ABŞ dollar məbləğindədir.
Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının aprel ayının 1-nə olan reytinq siyahısında Azərbaycan şahmatçıları Teymur Rəcəbov 9-cu, Şəhriyar Məmmədyarov isə 11-ci sırada qərarlaşdıqları üçün bu turnirdə iştirak etməyəcəklər.