Təşkilat komitəsi 2021-ci ildə keçiriləcək Olimpiya Oyunlarına koronavirus pandemiyasının təsirini istisna etmir
Tokio Yay Olimpiya Oyunlarının təşkilat komitəsi koronavirusla bağlı vəziyyətin 2021-ci ildə yarışların keçirilməsinə təsir edə biləcəyini istisna etmir. Bu fikir "Tokio-2020" Olimpiya Oyunlarının təşkilat komitəsinin baş katibi Tosiro Muto tərəfindən səsləndirilib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, bundan əvvəl koronavirus səbəbindən Tokioda Olimpiya və Paralimpiya oyunlarının bir il təxirə salınması barədə qərar qəbul olunub. Daha sonra tərəflər yarışların keçiriləcəyi yeni tarix barədə razılaşma əldə ediblər: Olimpiya Oyunları 2021-ci il iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək tarixlərdə keçiriləcək.
"Fikrimcə, heç kəs deyə bilməz ki, gələn ilin iyulunadək virusun yayılmasının qarşısını almağa nail oluna bilər. Əlbəttə ki, biz dəqiq cavab vermək iqtidarında deyilik.
Biz Oyunların bir il təxirə salınması barədə qərar qəbul etdik. Bu, o deməkdir ki, Oyunların keçirilməsinə hazırlaşmaq üçün səylə çalışmalı, əlimizdən gələni etməliyik. Biz ürəkdən inanırıq ki, bəşəriyyət gələn il bu böhranın öhdəsindən gələcək", - deyə Muto əlavə edib.
BOK 2020-ci il Olimpiadasının başqa vaxta keçirilməsinə uzun müddət razılıq vermirdi. Buna səbəb böyük maliyyə itkiləri ilə qarşılaşmamaq arzusu idi. Ən böyük ziyan Yaponiyaya – artıq hazırlığa azı 12 milyard dollardan yuxarı vəsait xərcləmiş ölkəyə dəyib. Ekspertlərin hesablamalarına görə, Oyunların başqa tarixə keçirilməsi reklam verənlərə təxminən 1 milyard dollara başa gələ bilər. Milli olimpiya komitələrinin və iştirakçı ölkələrin özlərinin itirdikləri vəsaiti isə hələ hesablamaq lazımdır.