“Rusiya 2018”: “F” qrupunda ikinci turun son qarşılaşması Almaniya və İsveç komandaları arasında keçirilir
İyunun 23-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının növbəti oyun gününün sonuncu görüşündə “F” qrupunda yer alan Almaniya və İsveç milliləri qarşılaşırlar. Soçidəki “Fişt-Arena”da keçirilən Almaniya-İsveç matçı İctimai Televiziya və İdman Azərbaycan kanallarında canlı yayımlanır.
NUHÇIXAN xəbər verir ki, almanların start heyətində meydançaya Manuyel Noyer, Jerom Boatenq, Antonio Rudiqer, Yozua Kimix, Yonas Hektor, Sebastyan Rudi, Toni Kros, Yulian Draksler, Marko Roys, Tomas Müller və Timo Verner çıxıblar.
İsveç millisinin start heyətində isə Robin Ulsen, Viktor Lindelef, Andreas Qrankfist, Mikəil Lustiq, Lüdviq Auqustinsson, Albin Ekdar, Sebastyan Larsson, Emil Forsberq, Viktor Klasson, Markus Berq və Ula Toyvonen yer alıblar.
İsveç millisi bu görüşdə qalib gələrsə, səkkizdəbir final mərhələsinə vəsiqə qazanan altıncı komanda olacaq. Son çempion Almaniya millisi isə birinci turda Meksika komandasına məğlub olduğundan mübarizəni davam etdirmək üçün bu oyunda hökmən qələbə qazanmalıdır.
Qeyd edək ki, Almaniya komandası dörd dəfə - 1954-cü, 1974-cü, 1990-cı və 2014-cü illərdə dünya çempionu adını qazanıb.
İsveçlilər 1958-ci ildə VI dünya çempionatına ev sahibliyi ediblər. İndiyədək 11 mundialda iştirak edən İsveç bir dəfə ikinci (1958), iki dəfə üçüncü yeri tutub (1950, 1994). Milli komandanın tarixində ən çox qol vuran oyunçu Zlatan İbrahimoviç (116 oyunda 62 qol), ən çox oyun keçirən isə Anders Svenssondur (148 oyun).