Tomas Bax: Tokio Olimpiya Oyunlarının başqa tarixə keçirilməsi BOK-a bir neçə yüz milyon dollara başa gələcək
Tokio Olimpiya Oyunlarının tarixinin 2021-ci ilə keçirilməsi Beynəlxalq Olimpiya Komitəsinə (BOK) bir neçə yüz milyona başa gələcək. Almaniyada çıxan “Frankfurter Allgemeine Zeitung” qəzeti bildirir ki, bu barədə BOK-un prezidenti Tomas Bax öz şərhində deyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Tokio Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus infeksiyası pandemiyası səbəbindən Oyunlar bir il təxirə salınıb və 2021-ci il iyulun 23-dən avqustun 8-dək olan dövrdə təşkil olunacaq.
“Yarışların tarixinin dəyişdirilməsi xərci hələ hesablanmalıdır. Lakin BOK üçün əlavə xərclərin bir neçə yüz milyon dollara bərabər olacağını artıq indidən demək mümkündür”, - deyə Bax bildirib.
BOK 2020-ci il Olimpiadasının başqa vaxta keçirilməsinə uzun müddət razılıq vermirdi. Buna səbəb böyük maliyyə itkiləri ilə qarşılaşmamaq arzusu idi. Ən böyük ziyan Yaponiyaya dəyib: bu ölkə Olimpiya Oyunlarına hazırlıq tədbirlərinə azı 12 milyard dollardan artıq vəsait xərcləyib. Ekspertlərin hesablamalarına görə, Oyunların başqa tarixə keçirilməsi reklam verənlərə təxminən 1 milyard dollara başa gələ bilər. Milli olimpiya komitələrinin və iştirakçı ölkələrin özlərinin itirdikləri vəsaiti isə hələ hesablamaq lazımdır.