İyunun 23-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının növbəti oyun gününün sonuncu görüşündə “F” qrupunda yer alan Almaniya və İsveç milliləri Soçidəki “Fişt-Arena”da qarşılaşıblar. Birinci turda Meksika millisinə 1:0 məğlub olan son dünya çempionu, bu görüşdə mütləq qələbə qazanmalı idi.
NUHÇIXAN xəbər verir ki, ilk dəqiqələrdən hücuma keçən almanlar rəqib qapı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaradıblar. Buna baxmayaraq hesabı 32-ci dəqiqədə isveçlilər açıb. Toni Krosun meydanın mərkəzində itirdiyi topu Ola Toyvonen bağışlamayıb - 0:1.
Almaniya millisinin cəhdlərinə baxmayaraq birinci hissədə İsveç millisi 1:0 hesabı ilə qələbə qazanıb.
Fasilədən sonra hücumları gücləndirən Almaniya millisi 48-ci dəqiqədə hesaba tarazlıq gətirib. Cinah ötürməsindən sonra Marko Roys fərqlənib - 1:1. Qarşılaşmanın 82-ci dəqiqəsində Almaniya yığmasının müdafiəçisi Jerom Boatenq ikinci sarı vərəqəsini alaraq hakim tərəfindən meydandan kənarlaşdırıb. Oyunun 94-ci dəqiqəsində Toni Kros standart vəziyyətindən qapıya birbaşa zərbə vuraraq hesabları almaniyalıların xeyrinə çevirib - 2:1. Beləliklə, son dünya çempionu Almaniya yığması mundialda ikinci oyununda çətin 3 xalı aktivinə yaza bilib.
“F” qrupuna hazırda 6 xalla malik Meksika millisi başçılıq edir, aktivlərində 3 xal olan İsveç və Almaniya yığmaları ikinci və üçüncü yerləri bölüşdürürlər, xalı olmayan Cənubi Koreya isə dördüncü yerdədir.