İyunun 24-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının on birinci gününün sonuncu görüşündə “H” qrupunda yer alan Polşa və Kolumbiya milliləri qarşılaşırlar. Polşa-Kolumbiya matçı İctimai Televiziya və İdman Azərbaycan kanallarında canlı yayımlanır.
Görüşü meksikalı Ramos Cezar idarə edir.
NUHÇIXAN xəbər verir ki, “Kazan Arena” stadionunda keçirilən oyunda polşalıların start heyətində Voycax Şesnı, Lukas Pişek, Yan Bednarek, Mixayel Pazdan, Qjeqoş Krıxovyak, Yacex Quralski, Macey Rıbus, Bartoş Bereşınski, Petr Zelinski, David Kovnacki, Robert Levandovskiy çıxıblar.
Kolumbiya millisində start heyətində isə David Ospina, Davinson Sances, Erri Mina, Xoan Moxika, Santiaqo Arias, Abel Aqilar, Vilmar Barios, Xuan Kintero, Xames Rodriqez, Xuan Quadrado, Radamel Falkao yer alıblar.
Xatırladaq ki, dünya çempionatının ilk turunda polşalılar Seneqal yığmasına məğlub olub (2:1). Kolumbiya isə eyni hesabla Yapoiya millisinə uduzub.
Qeyd edək ki, Avropa təmsilçisi yeddi dəfə mundialda iştirak hüququ qazanıb. Polşalılar dünya çempionatının ikiqat bürünc mükafatçısıdır (1974, 1982). Polşa millisinin əsas qol silahı sayılan Robert Levandovski 91 qolla ən çox fərqlənən oyunçu kimi milli komandanın tarixinə düşüb.
Mundiallarda 1962-cı ildə debüt edən Kolumbiya millisi dünya çempionatında indiyədək altı dəfə oynamaq hüququ qazanıb. Bu komandanın çempionatlarda ən yaxşı göstəricisi “Braziliya 2014”ə təsadüf edib. Həmin mundialda dörddəbir finaladək irəliləyən Kolumbiya yığması ev sahibinə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Kolumbiya milli komandasının tarixində ən çox qol vuran futbolçu Radamel Falkaodur. Futbolçu 66 oyunda 26 qola imza atıb. Bu komandanın heyətində ən çox oyun keçirmiş futbolçu isə FIFA-nın “XX əsrin 100 əfsanəvi futbolçusu” siyahısına daxil olan Karlos Valderramadır (111 oyun).