“Təhsil” Respublika İdman Mərkəzinin (“Təhsil” RİM) təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında keçirilən onlayn Qran-Pri turnirinin aprelin 24-də son seçmə mərhələsinin oyunları keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rauf Məmmədov mərhələsi adlanan altıncı mərhələdə finalçıların adları müəyyənləşəcək. İndiyədək keçirilən seçmə mərhələlərdə Şiroğlan Talıbov (208 bal), Elmar Atakişiyev (188 bal), Atilla Eynullayev, Süleyman Süleymanlı (hər ikisi 94 bal), Uğur İlyaslı (86 bal), Mələk İsmayıl (70 bal) və digər şahmatçılar fərqləniblər.
Seçmə mərhələlərdə yarışlar İsveçrə sistemi ilə keçirilir və 11 turdan ibarətdir. Oyuna nəzarət vaxtı 3 dəqiqədir (artımsız). Seçmə mərhələlərin hər birində yığma komandalarımızın (3 qadın, 3 kişi) üzvlərindən biri fəxri qonaq kimi iştirak edir və həmin mərhələ o şahmatçının adı ilə adlandırılır. Fəxri qonaq şahmatçının qazandığı nəticə (yer) müsabiqədənkənar hesab olunacaq. Lakin onlardan alınacaq xal şahmatçıya əlavə Qran-pri balı qazandırır. Seçmə mərhələlərdəki nəticələrə görə ən çox Qran-pri balı toplayan 15 şahmatçı final mərhələsinə vəsiqə qazanır.
Yarış www.chess.com internet portalı üzərindən keçirilir. Sabah turnirdə istirahət günüdür.
Aprelin 26-da başa çatacaq turnir karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat üzrə qaliblərin müəyyən edilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılması məqsədi daşıyır.
Turnirin ümumi mükafat fondu 1000 manat təşkil edir.