Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə keçirilən şahmat üzrə onlayn superturnirdə dördüncü tura yekun vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün keçirilmiş turun son görüşlərində ABŞ şahmatçısı Hikaru Nakamura rusiyalı Yan Nepomnyaşiyə 2,5:1,5 hesabı ilə qalib gələrək turdan 3 xalla ayrılıb. Çinli Liren Dinq ilə niderlandlı Aniş Giri arasındakı qarşılaşmanın əsas partiyaları 2:2 hesabı ilə bitib. “Armagedon” partiyası da heç-heçə nəticələndiyindən, qaydalara əsasən bu partiyanı qara fiqurlarla oynayan L.Dinq qalib sayılıb. Nəticədə, çinli şahmatçı turdan 2, Niderland təmsilçisi 1 xalla ayrılıb.
Hazırda turnir cədvəlində Karlsen 11 xalla liderdir. H.Nakamura 10 xalla ikinci pillədədir. Amerikalı F.Karuana və L.Dinq 8, fransalı Maksim Vaşe-Laqrav və Y.Nepomnyaşi 5, A.Giri isə 1 xala malikdirlər. FIDE təmsilçisi Əlirza Firuzca hələ ki, xalsızdır.