Koronavirus pandemiyası səbəbindən ləğv olunan futbol üzrə Fransa çempionatının 2019-2020-ci il mövsümünün qalibi “Paris Sen-Jermen” klubu olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Fransa Liqa 1-in saytı Paris təmsilçisini cari mövsümün qalibi elan olunmasını rəsmən açıqlayıb.
Mövsümü 2-ci sırada başa vuran “Marsel” PSJ ilə birlikdə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. 3-cü sıradakı “Renn” komandası tarixində ilk dəfə olaraq Çempionlar Liqasının pley-off mərhələsində çıxış edəcək. “Lill”, “Reyms” və “Nitsa” klubları isə Avropa Liqasında oynayacaq.
Turnir cədvəlinin son 2 pilləsində qərarlaşan “Amyen” və “Tuluza” Liqa 2-yə düşüb. Əvəzində isə aşağı dəstənin çempionu “Loryan” və 2-ci sırada qərarlaşmış “Lans” elitaya yüksəlib.