Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə mayın 9-10-da onlayn qaydada beynəlxalq “Təhsil” kuboku turniri keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Təhsil Nazirliyinin, Milli Məclisin gənclər və idman komitəsinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək turnirdə 17 yaşadək şahmatçılar mübarizə aparacaqlar. Turnirdə yüksək reytinqli - dünya və Avropa birinciliklərində medal qazanmış və onlayn Qran-Pri turnirinin final mərhələsinə qədər yüksəlmiş şahmatçılar iştirak edəcəklər. Beynəlxalq reytinqi 2400-dən yuxarı olan şahmatçılar isə birbaşa final mərhələsində iştirak hüququna sahibdirlər.
Ölkə şahmatçıları ilə yanaşı, dünyanın bir çox ölkəsindən reytinqli şahmatçıların da qatılacaqları turnir seçmə və final mərhələlərindən ibarət olacaq.
Turnirin qalibləri “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları və pul mükafatları ilə mükafatlandırılacaqlar.