Mayın 9-da şahmat üzrə Millətlər Kuboku turnirində qrup mərhələsinin sonuncu oyunları - doqquzuncu və onuncu turların matçları keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması günün birinci qarşılaşmasında Rusiya seçməsi ilə görüşəcək. Turun digər görüşlərində ABŞ ilə Avropa və Hindistan ilə Çin komandaları üz-üzə gələcəklər.
Onuncu turda isə dünya yığması Avropa komandasını sınağa çəkəcək. Bundan başqa isə Rusiya-Hindistan, Çin-ABŞ görüşləri də keçiriləcək.
Ötən turların yekun nəticələrinə görə, Çin komandası 15 xalla liderliyini davam etdirir. ABŞ komandası 11 xalla ikinci, Avropa yığması 10 xalla üçüncü pillədə qərarlaşıb. Rusiya, Hindistan komandaları hərəyə 5 xal, dünya yığması 2 xal qazanıb.
Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.