Dünya Taekvondo Federasiyasının prezidenti Cung Von Conun rəhbərliyi ilə videokonfrans üsulu ilə idarə heyətinin yığıncağı keçirilib. Yığıncaqda beynəlxalq tədbir və yarışlarla bağlı vacib qərarlar qəbul edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının rəsmi “facebook” səhifəsində məlumat verilib.
Məlumatda qeyd edilib ki, videokonfransda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax da iştirak edib. O, Dünya Taekvondo Federasiyasını idmançıların sağlamlığını prioritet hesab etmək barədə səylərinə görə təşəkkür edib, koronavirus pandemiyasının başlamasından sonra ilk dəfə beynəlxalq federasiyanın iclasında iştirak etdiyini vurğulayıb.
İclasda koronavirus pandemiyası səbəbi ilə əhəmiyyətli beynəlxalq tədbirlərlə əlaqədar ləğv etmə və təxirə salınma qərarları verilməklə yanaşı, bəzi yarışlara ev sahibliyi edəcək ölkələr də müəyyənləşdirilib. Belə ki, qəbul edilmiş qərarlara əsasən taekvondo üzrə yeniyetmələr arasında dünya birinciliyi 2021-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada, gənclər arasında dünya birinciliyi və gənclərin Olimpiya Oyunlarına təsnifat turniri 2022-ci ildə Seneqalın Dakar şəhərində keçiriləcək. Poomse üzrə dünya çempionatı isə 2022-ci ildə Koreya Respublikasının Goyang şəhərində təşkil olunacaq. Həmin il Qran-pri turniri isə İngiltərə, Sinqapur və İordaniya krallığında olacaq.
Təsdiqlənmiş digər qərarlara əsasən, dünya çempionatı, Qran-pri finalı və Qran-pri seriyalarının dərəcələri iki pillə yüksəlib. Belə ki, dünya çempionatı üçün dərəcə 12 ilə 14, Qran-pri finalı üçün 8 ilə 10, Qran-pri seriyaları üçün 4 ilə 6 arasında dəyişilib.
Pandemiya ilə əlaqədar dəyişikliklər olmasa assambleyanın növbəti yığıncağının oktyabrda Bolqarıstanın Sofiya şəhərində keçirilməsi nəzərdə tutulur.