Mayın 15-də FIDE-nin və “chess24.com”un təşkilatçılığı ilə blits üzrə onlayn Vilhem Steynits memorialı start götürür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həm açıq turnirdə, həm də qadınların yarışında 10 şahmatçı iki dövrədə mübarizə aparacaq. Azərbaycanı açıq turnirdə Şəhriyar Məmmədyarov təmsil edir. Ş.Məmmədyarovla yanaşı, yarışa koronavirus pandemiyası dövründə onlayn turnirlərin ən fəal iştirakçısı dünya çempionu Maqnus Karlsen, rusiyalılar Aleksandr Qrişuk, Piter Svidler və Daniil Dubov, ABŞ şahmatçı Cefri Ksionq, ukraynalı Anton Korobov, çinli Ksiyanci Bu, ispaniyalı David Quiyarro və vyetnamlı Le Quanq Liem də qatılıblar.
Bu gün 6 turun oyunları keçiriləcək.
On səkkiz turdan ibarət yarışın ümumi mükafat fondu 30 min avrodur. Mayın 17-dək davam edəcək turnir “chess24.com” şahmat platformasında oynanılacaq və birbaşa yayımlanacaq.