Koronavirus pandemiyası səbəbindən təxirə salınan Türkiyə Superliqası iyunun 12-də bərpa olunacaq.
NUHÇIXAN İnformasiya Agentliyi “NTV Spor”a istinadla xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir klubların prezidentləri ilə videokonfrans formatında keçirilmiş iclasdan sonra deyib.
TFF rəhbəri bildirib ki, elitada çıxış edən 18 komanda çempionatın sözügedən tarixdə yenidən başlaması üçün ortaq razılığa gəlib. O, yekun qərarın mayın 28-də veriləcəyini söyləyib.
N.Özdemirin sözlərinə görə, Superliqa təmsilçilərindən 7-si cari mövsümdə heç bir komandanın aşağı dəstəyə düşməməsini və növbəti mövsümün 21 klubla keçirilməsini təklif edib.
Qeyd edək ki, Türkiyədə yerli liqalar martın 19-da dayandırılıb.