“DÇ 2018”: “F” qrupunda sonuncu turun oyunları keçirilir - FOTOLAR
İyunun 27-də - Rusiyada keçirilən futbol üzrə dünya çempionatının on dördüncü günündə “F” qrupunda sonuncu turun oyunları keçirilir.
NUHÇIXAN xəbər verir ki, qrupda Cənubi Koreya–Almaniya və Meksika-İsveç görüşləri start götürüb.
Cənubi Koreya-Almaniya oyunu “Kazan Arena”da keçirilir. Cənubi Koreya millisinin heyətində meydana Co Xen U, Yun En Son, Kim En Qvon, Li En, Xon Cul, Con U En, Cjan Xen Su, Mun Son Min, Li Dce Son, Ku Can Cxol, Son Xın Min çıxıblar.
Almaniya yığmasının start heyətində Manuel Noyer, Mats Xummels, Niklas Züle, Yozua Kimix, Yonas Xektor, Sami Xedira, Toni Kros, Leon Qorecka, Marko Roys, Məsud Özil, Timo Verner yer alıblar.
Bu oyunu amerikalı referi Mark Geiger idarə edir.
Yekaterinburq şəhərində oynanılacaq Meksika-İsveç görüşünün baş hakimi isə mundialın açılış matçını idarə etmiş argentinalı referi Nestor Pitana olacaq. Meksika yığmasının start heyətində meydana Qilyermo Oçoa, Karlos Salsedo, Ektor Moreno, Edson Alvares, Xesus Qalyardo, Andres Quardado, Ektor Errera, Miqel Layun, İrvinq Losano, Karlos Vela, Xavyer Hernandes çıxıblar.
İsveç yığmasının ilk “onbirliyi”ndə isə Robin Ulsen, Viktor Lindelef, Andreas Qrakvist, Mikayel Lustiq, Ludviq Auqustinsson, Sebastyan Larsson, Albin Ekdal, Viktor Klasson, Emil Forsberq, Markus Merq, Yula Toyvonen yer alıblar.
Qeyd edək ki, hazırda “F” qrupunda bütün komandaların səkkizdəbir finala yüksəlmək şansı qaldığından bugünkü qarşılaşmaların gərgin idman mübarizəsi şəraitində keçəcəyi şübhə doğurmur. “F” qrupunda ilk iki turda Almaniyaya (1:0) və Cənubi Koreyaya (2:1) qalib gəlməsinə baxmayaraq, Meksika millisi səkkizdəbir finala vəsiqəni tam təmin etməyib. Birinci turda Cənubi Koreyanı 1:0 hesabı ilə məğlubiyyətə uğradan İsveç yığması Almaniyaya uduzmasına baxmayaraq (1:2), Meksika millisini məğlub edəcəyi təqdirdə səkkizdəbir finala yüksələ biləcək. Üç xalla qrupda ikinci olan Almaniya yığması isə səkkizdəbir finala vəsiqəni təmin etmək üçün Cənubi Koreya yığmasına qalib gəlməyə çalışacaq. İsveç Meksikaya, Almaniya isə Cənubi Koreyaya qalib gələcəyi təqdirdə qrupda üç komandanın 6 xalı olacaq və qalib top fərqinə görə müəyyənləşəcək.
FIFA-nın qaydalarına görə, əgər qrupda iki komandanın xalları və top fərqi eyni olarsa, bu zaman rəqib qapılarına daha çox qol vuran komandaya üstünlük verilir. Əgər bu göstərici də eyni olarsa, o zaman həmin komandalar arasındakı oyunun nəticəsi əsas götürülür. Komandaların qarşılaşması da heç-heçə başa çatıbsa, onda üstünlük “Fair play” göstəricilərinə əsasən daha yaxşı vəziyyətdə olan komandaya verilir.
Qeyd edək ki, günün digər görüşlərində “E” qrupunda yer alan Serbiya ilə Braziliya və İsveçrə ilə Kosta-Rika milliləri üz-üzə gələcəklər. Hər iki görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İsveçrə-Kosta-Rika görüşü Azərbaycan Televiziyasında, Serbiya–Braziliya oyunu isə İdman Azərbaycan və İctimai Televiziyada yayımlanacaq.
Xatırladaq ki, indiyədək səkkizdəbir final mərhələsinin səkkiz iştirakçısı tam müəyyənləşib. Səkkizdəbir finalda indiyədək müəyyənləşəcək iştirakçılardan Uruqvay ilə Portuqaliya, Fransa ilə Argentina, İspaniya ilə Rusiya və Xorvatiya ilə Danimarka milliləri qarşılaşacaqlar.
Futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin görüşləri iyunun 30-dan iyulun 3-dək keçiriləcək.