Operativ Qərargahın icazəsindən sonra ölkəmizdə birinci yarışı Azərbaycan Velosiped İdmanı Federasiyası keçirəcək
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq icazəsindən sonra ölkəmizdə birinci yarışı Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, AzVİF-in mətbuat katibi Pərviz Musayev AZƏRTAC-a bildirib ki, turnir iyunun 6-da və ya 7-də təşkil olunacaq.
Mətbuat katibi yarışın Respublika Velotrekində təşkilinin mümkünlüyünü vurğulayaraq deyib: “Bunun trek və ya şose yarışı olacağına sabah aydınlıq gələcək. Yarışı Velotrekdə də, Veloparkda da keçirə bilərik. Amma turnirin həftəsonunda olacağı dəqiqdir. Əsas məqsəd ondan ibarətdir ki, karantin dövründə idmançıların ev şəraitində necə məşq etdiklərini görək. Biz onlara velosiped və digər avadanlıqlar vermişdik ki, ev şəraitində formalarını saxlasınlar. Bir növ idmançıların fiziki durumlarını yoxlamaq niyyətindəyik".
Federasiya rəsmisi hələ yarışın adını müəyyənləşdirmədiklərini əlavə edib: “Bu, Bakı və ya Federasiya Kuboku ola bilər. İyundakı yarışlar çox vacibdir. Çünki iyulun 1-dən beynəlxalq yarışlar bərpa olunur. Qarşıdakı ay ərzində mümkün qədər çox turnir keçirəcəyik ki, beynəlxalq yarışlara hazır olaq”.
Mətbuat katibi mövsümün təqvimi ilə bağlı iyunun 1-də məşqçilər korpusu ilə toplantı keçirəcəklərini də diqqətə çatdıraraq bildirib ki, mövsümün təqvimi alt-üst olub və yenidən işlənilməlidir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-də saat 00:00-dan etibarən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib. 2020-ci ilin təqviminə əsasən, AzVİF-in birinci daxili yarışı martın 7-8-də təşkil edilməli idi, lakin koronavirus səbəbindən təxirə salınıb. Həftəsonu keçiriləcək turnir federasiyanın mövsümdə birinci daxili tədbiri olacaq.