Beynəlxalq Gimnastika Federasiyası (FIG) “COVID-19” pandemiyası səbəbindən təxirə salınmış bədii gimnastika üzrə dünya kuboklarının keçirilməsi üçün yeni tarixləri elan edib.
NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, aprelin 24-26-da Bakıda təşkil edilməli olan dünya kuboku gələn ilin mayında baş tutacaq. Belə ki, Olimpiya Oyunlarına təsnifat xarakterli bu yarış 2021-ci il mayın 7-9-da eyni məkanda – Milli Gimnastika Arenasında keçiriləcək.
Olimpiadaya təsnifat xarakterli bədii gimnastika üzrə digər dünya kuboku turnirləri gələn il aprelin 9-11-də Sofiyada (Bolqarıstan), həmin ayın 16-18-də Daşkənddə (Özbəkistan) və iyunun 11-13-də Pesaroda (İtaliya) təşkil ediləcək.