Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a bildirilib ki, universitetdə beynəlxalq turnirlərdə, muxtar respublika çempionatında, universitet yarışlarında fərqlənən idmançıların mükafatlandırma mərasimi keçirilib. Qeyd olunub ki, şahmat üzrə Azərbaycan çempionatında Fizika-riyaziyyat fakültəsi üzrə I kurs tələbəsi Aynur Kətanova, qol güləşi üzrə muxtar respublika birinciliyində Bədən tərbiyəsi ixtisası üzrə III kurs tələbəsi Allahverdi Allahverdiyev qalib olublar. Futzal və Peyntbol üzrə muxtar respublika çempionatında universitetin komandası birinci yeri tutub. Bakıda Azərbaycan Respublikası Karate Federasiyasının və “Arpaçay” Karate Klubunun təşkilatçılığı ilə keçirilən Milli Qəhrəman Albert Araqunovun xatirəsinə həsr olunmuş Qara dəniz və Xəzəryanı ölkələrin idmançıları arasında karate üzrə beynəlxalq turnirdə yekun nəticəyə əsasən, oğlanlar arasında universitetin idman müəllimi Nicat Allahverdiyev +84 kiloqram çəki dərəcəsində karatenin kata növü üzrə yarışlarda fəxri kürsünün birinci pilləsinə yüksəlib, kumite üzrə üçüncü yeri tutub. Universitetin rektoru tələbələri təbrik edib, onları diplom və hədiyyələrlə mükafatlandırıb.