Premyer Liqa, Birinci Divizion, Region Liqası, Qadınlar Yüksək Liqası, çimərlik futbolu, futzal, əlillərdən ibarət komandalar arasında təşkil edilən E-Milli Liqanın birinci turuna yekun vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən çempionatda ümumilikdə 28 komanda iştirak edir. Yeddi qrupda keçirilən 14 oyunda 128 qol vurulub. E-Milli Liqanın ən maraqlı oyunları EML-in sosial media səhifələrində canlı yayımlanır.
Çempionatın açılış oyunu “Səbail”–“Qarabağ” matçı 6 min 700-dən çox baxış sayı ilə izləmə rekorduna imza atıb.
E-Milli Liqada ikinci turun oyunlarına iyunun 17-də start veriləcək.
İlk dəfə təşkil olunan EML-də bir sıra yeniliklər edilib. Futbol və kiberidman həvəskarları üçün məşhur futbolçuların və klub rəsmilərinin iştirakı ilə “eSöhbətlər” podkast layihəsinə start verilib. Liqanın rəsmi “YouTube” səhifəsində yayımlanan podkast-da bir-birindən maraqlı qonaqların iştirakı ilə ölkədə kiberfutbolun və kiberidmanın vəziyyəti, klubların öz “eFootball” komandalarında oyunçuları seçmələri haqqında, həmçinin fanatların klublara EML-də göstərdiyi dəstəkdən və peşəkar futbolçuların “eFootball” komandalarına olan marağından söhbət açılıb.