Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatının qrup mərhələsinin simvolik heyəti açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, İngiltərənin “The Guardian” qəzetinin oxucularının səsverməsi nəticəsində, dünya çempionatının qrup mərhələsinin simvolik heyətində qapıçılardan Əlireza Beyranvand (İran), müdafiəçilərdən Manuyel Akanci (İsveçrə), Dieqo Qodin (Uruqvay), Andreas Qrakvist (İsveç), yarımmüdafiəçilərdən Kiran Treppyer (İngiltərə), İsko (İspaniya), Luka Modriç, İvan Rakitiç (hər ikisi - Xorvatiya), Aleksandr Qolovin (Rusiya), hücumçulardan isə Hari Keyn (İngiltərə) və Romelu Lukaku (Belçika) yer alıblar.
Qeyd edək ki, simvolik heyətdə yer alan yeganə oyunçu Əlireza Beyranvandı ki, milli komandası mundialın qrup mərhələsində mübarizəsini dayandırıb.
Hari Keyn qrup mərhələsinin ən çox fərqlənən oyunçusudur. O, üç oyunda beş qol vurub. Romelu Lukaku isə dörd qolla ikincidir.
Xatırladaq ki, mundialın səkkizdəbir final mərhələsində Uruqvay ilə Portuqaliya, Fransa ilə Argentina, İspaniya ilə Rusiya və Xorvatiya ilə Danimarka, İsveç ilə İsveçrə, Meksika ilə Braziliya, Belçika ilə Yaponiya, İngiltərə ilə Kolumbiya yığmaları qarşılaşacaqlar. Çempionatın səkkizdəbir final mərhələsinin bütün görüşləri İdman Azərbaycan kanalında canlı yayımlanacaq. Bundan əlavə, Fransa-Argentina və İspaniya-Rusiya görüşləri İctimai Televiziyada futbolsevərlərə təqdim olunacaq.
Futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin görüşləri iyunun 30-dan iyulun 3-dək keçiriləcək.
Həmçinin Rusiya keçirilən dünya çempionatının qrup mərhələsində bir neçə rekordlar qeydə alınıb. Qrup mərhələsində 48 qarşılaşmada qapılara 122 top vurulub. Məhsuldarlıq hər oyuna orta hesabla 2,5 qol təşkil edir.
Bu çempionatda ən maraqlı göstəricilərdən biri də qeydə alınan 122 qolun 27-sinin (22 faiz) son on dəqiqədə və artırılan vaxtda vurulmasıdır. Neymarın Braziliya–Kosta-Rika görüşünün 90+7-ci dəqiqəsində rəqib komandanın qapısından keçirdiyi top mundiallar tarixində ən gec vurulan qol kimi qeydə alınıb.
Ümumiyyətlə, XXI dünya çempionatının qrup mərhələsində statistik göstəricilərə görə, ən yaxşı nəticə Belçika millisinə məxsusdur. Bütün görüşləri qələbə ilə başa vuran belçikalılar rəqib qapılarına 9 top vurub, öz qapılarında isə cəmi iki qol görüblər. Qrup mərhələsinin ən məhsuldar görüşü də (7 qol) Belçika yığmasının Tunis millisi ilə keçirdiyi görüşdə qeydə alınıb. Həmin görüşdə belçikalılar 5:2 hesabı ilə qalib gəliblər.
Öz qapısından top buraxmayan yeganə komanda ikiqat dünya çempionu Uruqvay yığmasıdır. Belçikadan əlavə, Xorvatiya və Uruqvay milliləri də bütün görüşləri qələbə ilə başa vurublar.