“Fənərbağça”nın basketbol şöbəsinin büdcəsini azaltmasından sonra komandanın liderlərinin də gedəcəyi gözlənilirdi. Baş məşqçi Jelko Obradoviçin klubla müqavilə müddətini yeniləməməsindən sonra növbə artıq basketbolçulara çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Fənərbağça” artıq aparıcı basketbolçularını da itirmək üzrədir. Bir neçə həftə əvvəl Türkiyə mətbuatı klubun basketbol şöbəsinin büdcəsinin azaldılacağını yazanda komandanın belə bir çətin vəziyyətə düşəcəyini proqnozlaşdırmaq olardı. Artıq bunun nəticəsi görünməkdədir.
İtaliya mətbuatının məlumatına görə, yaxın günlərdə klubun iki aparıcı basketbolçusu - Luici Datome və Kostas Slukas İstanbulu tərk edəcək. Hətta “La Gazetta dello Sport” hər iki basketbolçunun “Milan”a keçəcəyini yazıb. Slukasla “Milan” rəhbərliyi arasında hazırda danışıqlar gedirsə, Datome artıq Lombardiya klubu ilə 3 illik müqavilənin şərtlərini razılaşdırıb.
Xatırladaq ki, Luici 2015-ci ildən “Fənərbağça”nın heyətində çıxış edir. İtaliyalı basketbolçu ölkəsinin “Montepaski Syena”, “Skafati” və “Virtus Roma” komandalarında çıxış edib. Daha sonra o, MBA-da “Detroyt” və “Boston” klublarının şərəfini qoruyub.